Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!www.lit.azLit.az

Aybəniz Əliyeva-Kəngərli

Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu

16.05.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Aybəniz Əliyeva-Kəngərli

    Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (1923-1929) xətti ilə həyata keçirilən folklor və etnoqrafiya çalışmalarında görkəmli ziyalı, 20-30-cu illərin ən fəal elm-mədəniyyət fədailərindən biri olan Vəli Xuluflunun da dəyərli xidmətləri olmuş¬dur. O, Cəmiyyət tərəfindən bir neçə dəfə elmi ezamiyyətə göndərilmiş və ezam olunduğu Şəmkir, Tovuz, Qazax rayonlarından topladığı şifahi xalq ədəbiyyatı nümunələri əsasında bir sıra folklor topluları hazırlayaraq onları ayrı-ayrı kitablar halında nəşr etdirmişdir. Bu sıradan görkəmli folklorçunun hazırlayıb nəşr etdirdiyi ilk folklor toplusu “El aşıqları” adlanır. (1)
     “El aşıqları” kitabı 1926-cı ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin “Xəlqiyyat” bölməsi tərəfindən “Azərbaycan xalq ədəbiyyatından materiallar” seriyası başlığı altında çap olunmuşdur. Ərəb qrafikasındakı bu nəşrin həcmi 234 səhifədir. Buraya Vəli Xuluflunun müxtəlif aşıqların repertuarından yazıya aldığı yüzdən yuxarı şeir nümunələri və Şəmkirli Aşıq Hüseynə məxsus “Reyhan” dastanı daxildir. Kitabda qoşma, gəraylı və təcnisləri verilmiş Qurbani, Dədə Yadigar, Xəstə Qasım, Aşıq Ələsgər, Hüseyn Şəmkirli və başqa ustad sənətkarlar haqqında yığcam bioqrafik bilgi də verilmişdir.
     Toplunun ön sözündə Vəli Xuluflu əldə etdiyi materialların kimlərdən, harada və nə vaxt yazıya alındığını qeyd etdikdən sonra el aşıqlarının əsrlər boyu xalqın canlı kitabı olduğunu, elin-obanın mənəvi həyatının, könül duyğularının, istəklərinin güzgüsünə çevrildiyini göstərmişdir.
     “El aşıqları” toplusu aşıq ədəbiyyatı materiallarının toplanması və nəşri işinin uğurlu bir təməli idi və az sonra ortaya çıxacaq Hümmət Əlizadə və Salman Mümtaz nəşrlərinə yol açan dəyərli bir folklor nəşri təcrübəsi kimi böyük əhəmiyyət daşıyırdı. Qeyd etmək lazımdır ki, görkəmli folklorçu sözü gedən toplunun materiallarından seçilmiş nümunələr əsasında 1927-ci ildə eyni ad altında (“El aşıqları” – Azərbaycanı Öyrənən Cəmiyyətin nəşri, 101 səh., 1000 nüsxə, 75 qəpik) yığcam həcmə malik ikinci bir kitab da nəşr etdirmişdir. (2, 530)
     V.Xuluflunun 1925-26-cı illərdə Tovuzda elmi ezamiyyət zamanı o dövrün məşhur el sənətkarı Aşıq Hüseyn Bozalqanlıdan topladığı “Koroğlu” qolları 1927 və 1929-cu illərdə iki müxtəlif nəşr halında işıq üzü görmüşdür (3, 693). İlk nəşr 1927-ci ildə “Azərbaycanı Öyrənən Cəmiyyət” qrifi altında çıxan “Koroğlu” mətnidir. Buraya “Toqat səfəri” və “Bağdad səfəri” adlı iki qol daxildir. (4)
     Poliqrafik ölçüləri 25x15 sm olan bu nəşrin həcmi 115 səhifədir. Min nüsxə tirajla çap olunmuş və bir manata satılması nəzərdə tutulmuşdur. Kağızı sadə, boz, cildi nazikdir. Kitabın əvvəlində Vəli Xuluflu “Koroğlu” dastanı barədə yığcam məlumat verdikdən sonra təqdim olunan qolların söyləyicisi Aşıq Hüseyn Bozalqanlının bioqrafiyasından bəhs edərək onu zəmanənin görkəmli saz-söz ustadı kimi səciyyələndirmişdir. Kitabda təqdim olunan “Koroğlu” qollarının dil, üslub və təhkiyə söyləniş tərzi aşıq nitqinə məxsus kolorit və dinamik danışıq tərzinin saxlanıldığını göstərir. Əlbəttə, bütün bu deyilən məziyyətlərdən daha öncə, V. Xuluflunun 1927-ci il nəşri “Koroğlu”nun “Azərbaycan folklor kitabı” kontekstinə daxil olan ilk çap kitabı olması baxımından səciyyəvidir. Elə bu səbəbdən də həmin nəşr böyük elmi və mədəni-tarixi əhəmiyyətə malikdir.
     1929-cu ildə “Koroğlu”nun yeni bir nəşr təqdimatını həyata keçirən Vəli Xuluflu bu dəfə dastanın dörd qolunu - “Toqat səfəri”, “Bağdad səfəri”, “Dərbənd səfəri” və “Dəli Koroğlu və Bolu bəy” qollarını oxuculara çatdırır. “Azərnəşr”də folklorçu Hənəfi Zeynallının redaktorluğu altında çap olunmuş bu kitabın poliqrafik göstəricisi 23x15sm., tirajı üç min nüsxə, həcmi 160 səhifə, qiyməti bir manat iyirmi qəpikdir. (50
     Vəli Xuluflunun hər iki nəşrini müqayisə etdikdə, aydın olur ki, 1927-ci il nəşri demək olar ki, əl vurulmadan 1929-cu il nəşrinə də daxil edilmişdir. Kitabdakı yeni qollar (“Dəli Koroğlu və Bolu bəy”, “Dərbənd səfəri”) isə Aşıq Əsəddən yazıya alınmışdır. Vəli Xuluflu 1928-ci ildə Bakıda keçirilən Azərbaycan Aşıqlarının Birinci Qurultayına dəvət olunmuş bir sıra görkəmli sənətkarlarla, o cümlədən də Tovuz rayonundan gəlmiş Aşıq Əsəd Rzayevlə söhbətlər apararaq bir çox dəyərli folklor materialını yazıya almışdır. “Koroğlu”nun 1929-cu il nəşrini zərurətə çevirən də onun Aşıq Əsəddən yazıya aldığı yeni qollar (“Dəli Koroğlu və Bolu bəy”, “Dərbənd səfəri”) olmuşdur.
     Bu nəşrə Axısqa türklərindən toplanılmış Koroğlu rəvayətləri və Koroğlu şeirləri də əlavə olunmuşdur. V.Xuluflunun “Koroğlu” qollarının nəşri sahəsindəki bu dəyərli xidmətinin əhəmiyyətini nəzərə alan AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev geniş müqəddimə və şərhlərlə birlikdə 1999-cu ildə onu “Elm” nəşriyyatında yenidən nəşr etdirərək bir daha elmi ictimaiyyətin diqqətinə çatdırmışdır. (6)
     Vəli Xuluflunun məhsuldar toplayıcılıq və naşirlik fəaliyyətinin uğurlu bir nəticəsi də 1928-ci ildə çap etdirirdiyi “Tapmacalar” kitabıdır. (7) Diqqət edilsə, görə bilərik ki, eyni ildə Həm Hənəfi Zeynallı, həm də Vəli Xuluflu tapmaca mətnlərindən ibarət folklor toplusu hazırlayaraq nəşr etdirmişdir. Maraqlıdır ki, hər iki iş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə (“Xəlqiyyət bölməsi”ndə) yerinə yetirilmişdir. Sadəcə olaraq H.Zeynallının “Azərbaycan tapmacaları” adlanan kitabı “Azərnəşr”də, V.Xuluflunun “Tapmacalar” sərlövhəsi daşıyan kitabı isə “Azərbaycanı Öyrənən Cəmiyyətin nəşriyyatı”nda çap olunmuş¬dur. Həmin il bu iki kitabdan hansının daha öncə nəşr olunduğunu nə onların annotasiya və nəşr-mətbəə qeydindən, nə də dövri mətbuatdan öyrənmək mümkün olmadığından birinci addımın kimə məxsus olduğunu söyləmək indiki halda xeyli dərəcədə çətindir. H.Zeynallının “Azərbaycan tapmacaları” kitabında buradan bir sıra nümunələrin Vəli Xulufludan götürüldüyü qeyd olunsa da, onun qovluq halında şöbədə saxlanılan folklor materialındanmı, yoxsa haqqında danışılan kitabdanmı bəhs etdiyini anlamaq olmur.
     “Azərbaycan tapmacaları” iki min, “Tapmacalar” isə min nüsxə tirajla çap olunmuşdur. H.Zeynallı nəşri 104, V.Xuluflu nəşri 130 səhifədədir. Kitablarda cəmləşmiş tapmacaların say göstəricisi müvafiq olaraq 760 (H.Zeynallı) və 726 (V.Xuluflu) şəklindədir. Hər iki nəşrə toplayıcılar tərəfindən müqəddimə-açıqlamalar yazılaraq tapmacaların şifahi xalq ədəbiyyatındakı yeri məsələsi üzərində dayanılmış, onların digər türk xalqlarındakı ad və mətn oxşarlıqlarının səbəbləri göstərilmişdir. H.Zeynallı nəşrində tapmacalar mövzular üzrə təsnif olunaraq qruplaşdırıldıqdan sonra nömrə ilə sıralanmış, cavablar isə bu nömrələrə uyğun şəkildə kitabın sonunda verilmişdir. V.Xuluflu tapmacaları əlifba sırası ilə düzərək həmin örnəyin haradan toplandığını nümunənin elə altındaca göstərmişdir. Məsələn, cavabı “tısbağa” olan:

     Altı taxta, üstü taxta,
    Oturub bir ağ otaxta.
    Qoyun deyil, otlayır,
    Toyux deyil, yumurtlayır.
     ( 7,19)

     tapmacanın Bakının Buzovna kəndindən, eyni məzmun daşıyan başqa birinin:

     Altı daşdır, daş deyil,
    Üstü daşdır, daş deyil.
    Yumurtlar toyuq kimi,
    Toyuğa yoldaş deyil.
     (7,19)

     isə Naxçıvandan toplanıldığı nümunənin altında verilmişdir. Kitabın ümumi pasport qeydiyyatından aydın olur ki, Vəli Xuluflunun nəşr etdirdiyi tapmacalar Azərbaycanın Gəncə, Naxçıvan, Zəngəzur, Qazax, Salyan, bakı, Nuxa (Şəki), Göyçay, Şamaxı, Ağdam, ağdaş, Lənkəran, Şəmkir və s. kimi ən müxtəlif mahallarını əhatə edir.
     “Tapmacalar” kitabında V.Xuluflunun təqdim etdiyi ən diqqətçəkici yenilik folklor nümunələrinin yuxarıdakı kimi çoxvariantlı şəkildə nəşri məsələsidir. Bir tapmacanın Azərbaycanın müxtəlif ərazilərindəki çeşidli variantlarını “Tapmacalar” kitabına daxil etməklə görkəmli folklorçu elmi əsaslara söykənən folklor nəşri üçün bu məsələnin nə qədər böyük əhəmiyyət kəsb etdiyini yaxşı başa düşürdü. Məsələn cavabı “dəyirman” olan tapmacanın Ağdaşdan toplanmış variantı:

     O tayda bir kişi durmuş,
    Dişini dişinə vurmuş.
    Dünyanın malın yemiş,
    Hələ də yerində durmuş.
     ( 7,92)

     Həmin tapmacanın Cəbrayıl variantı: O tayda dəvə durub,
     Dişini dişinə vurub.
     Cümlə cahanı yeyib,
    Yenə yerində durub.
     (7,92)

     Yaxud, cavabı “gün işığı” olan tapmacanın Naxçıvandan toplanılmış variantı:

    Atdım atana dəydi,
    Çöldə kotana dəydi.
    Dəryada balığa,
    Düzdə ceyrana dəydi.
     ( 7,22)

    Zəngəzurun Oxdar kəndindən əldə olunmuş variant:

    
    Atdım atana,
    Düzdə kotana,
    Çayda balığa,
    Çöldə ceyrana.
    (7,22)

    Çoxvariantlılıq təkcə mətnlərə deyil, həm də tapmacaların cavablarına aid olduğundan Vəli Xuluflu öz nəşrində bu məsləyə də diqqət yetirmişdir. Belə ki:

     Burda vurdum baltanı,
    Ağzı gümüş baltanı.
    Ordan biz oğlan çıxdı –
    Cümlə-cahan soltanı.
    ( 7,42)

     tapmacasının Şamaxının Basqal kəndindən (bu kənd hazırda İsmayıllı rayonu ərazisinə daxildir) yazıya alınmış variantında cavabın “su”, Qazağın Dağkəsəmən kəndindən toplanılmış:

    
    Burda vurdun baltanı,
    Ordan çıxdı qaltanı.
     Yerin-göyün soltanı.
     (7,42)

     variantında isə “gün” olduğu göstərilmişdir. “Tapmacalar” kitabının “Əlavələr” bölməsində Naxçıvandan Əhəd Qədimovun topladığı “Hakuşkalar” və “Horamal”lar da müəyyən yer tutur. “Hakuşka”ların toy-düyündə qız-gəlinlər tərəfindən dəstə ilə oxunduğunu qeyd edən müəllif:

    Armud ağacı haça – hakuşka,
    Əlim dolaşdı saça – hakuşka,
    İyit ona deyərəm – hakuşka,
    Sevdiyin ala qaça – hakuşka.
    ( 7,119)

     sırasından olan xeyli sayda nümunə təqdim edir. “Horamal” – “Holala” adı altında bir neçə holavar mətni də “Əlavələr” bölməsində yer alır:

     Qara kəllər naz eylər,
    Quyruq vurar toz eylər.
    Qaranlıq gecələrdə,
    Kotanı pərvaz eylər.
    ( 7,121)

     Misal gətirdiyimiz tapmaca və digər örnəklərin timsalında Vəli Xuluflunun təkcə sözü gedən mətnlərin deyil, bütövlükdə folklor nümunələrinin toplanılması, tərtibi və nəşrində iki mühüm prinsipə xüsusi əhəmiyyət verdiyi görünür:

    1) folklor nümunələrinin mümkün variantları ilə birlikdə yazıya alınaraq nəşr edilməsi;
    2) yazıya alınan materialın pasportlaşdırılması – mətnin harada, kim tərəfindən söylənildiyinin göstərilməsi.

    Qeyd etmək lazımdır ki, məhz bu səbəbə görə də Vəli Xluluflunun sözü gedən folklor nəşri elmi tərtib prinsipinin kamilliyi və dolğunluğu baxımından özündən əvvəlki nəşrlərlə müqayisədə daha mükəmməl təsir bağışlayır. Bu nəşrin folklor kitabı kimi ən diqqətçəkici cəhəti təqdim olunan şifahi xalq ədəbiyyatı örnəklərinin pasportlaşdırılması işində nümunəvi bir örnəyin ortaya qoyulması və mətnlərin çoxvariantlı əsaslarla hazırlanmasıdır. Təəssüf ki, Azərbaycan tapmacalarının sonrakı dövrə aid hər hansı bir nəşrində bu elmi sistem gözlənilməmişdir.
    Yuxarıda təhlil olunan folklor nəşrlərinin mənzərəsindən də göründüyü kimi, ötən əsrin iyirmi-otuzuncu illərdə Azərbaycan folklor kitabının hazırlanması sahəsində Vəli Xuluflunun həqiqətən də dəyərli fəaliyyəti olmuşdur. Təəssüf ki, otuz yeddinci ilin məlum repressiya dalğası onun bu istiqamətdəki elmi fəaliyyətinə son qoymuşdur.

Ədəbiyyat:

1. El aşıqları (hazırlayan V.Xuluflu), Bakı, 1926.
2. Azərbaycan kitabı, II kitab, Bakı, Yazıçı, 1982.
3. Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı, Elm, 2004.
4. Koroğlu (hazırlayan V.Xuluflu), Bakı, 1927.
5. Koroğlu (hazırlayan V.Xuluflu), Bakı, Azərnəşr, 1929.
6. Koroğlu (V.Xuluflunun 1929-cu il nəşri), Bakı, Elm, 1999.
7. Tapmacalar (hazırlayan V.Xuluflu), Bakı, 1928.

Folklore editions of Valy Khuluflu


    20-30th years of XX century Valy Khuluflu had the important role in the field of assemblies and editions of the Azerbaijan folklore and these years he was an active member of the folklore commission at the Society of Research and Study of Azerbaijan. He was collected folklore materials from different regions and in a basis of these materials was published the books " National asugs " (1926), "Riddles" (1928), "Koroglu" (1927; 1929). He was based assemblies multiple in the form of the folklore sample and certification by means of the book of "Riddle". It was an important event in the history of the Azerbaijan folklore book.
    Valy Khuluflu published the epos "Koroglu" in Azerbaijan and published 2 parts of the epos in 1927, and 4 parts in 1929.
    30th years the specialist in folklore was subjected to repression, and his activity in this sphere was not finished.



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az