Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!www.lit.azLit.az

Salidə Şərifova

Elm xadimi, kamil müəllim və milli şair barəsində

25.04.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Salidə Şərifova

     Əflatun (Saraclı) Məmmədovun elmin dərinliklərinə varmaq hünəri və gözəl insani keyfiyyətləri ilə seçilən alim, Borçalının ən dəyərli, hörmətli ziyalı övladı olması haqqında hələ orta məktəbdə təhsil alarkən eşitmişdim. Lakin Əflatun müəllimlə şəxsi tanışlığım 1993-cü ilə təsadüf edir. 1993-cü ildə ali məktəbi bitirib, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil oldum. Həmin dövrdə İnstitutun elmi katibi olmuş Arif müəllim Səfiyevin mənim elmi rəhbərimin f.e.d. Əflatun (Saraclı) Məmmədovun təyin olunması xəbərini söyləməsi məni çox sevindirdi. Məhz Əflatun müəllimin tələbkarlığı nəticəsində, mən namizədlik işimi vaxtından əvvəl yerinə yetirib, şöbənin müzakirəsinə verdim. 1996-cı ildə isə Əflatun müəllimin elmi rəhbərliyi ilə namizədlik işimi müdafiə etdim…
     Əflatun Saraclının elmi rəhbərliyi altında bir neçə gənc mütəxəssis yetişmişdir. Dərin ədəbi biliklərə və ozünəməxsus elmi qələmə malik olan Əflatun Saraçlı ədəbiyyatşünas dairələrdə xüsusi nüfuz qazanmışdır. Onun «Azərbaycan uşaq mətbuatında ədəbiyyat məsələləri» (1967) mövzusunda namizədlik, «XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri»(1984) mövzusunda doktorluq dissertasiyaları milli ədəbiyyatşünaslığımızın nəzəriyyəsinin inkişafında önəmli yer tuturlar. «XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri»(1984) mövzusunda doktorluq dissertasiyası klassik Azərbaycan nəsrinin yaranması, tarixi mərhələləri və inkişaf problemləri sistemli şəkildə tədqiq edən samballı elmi əsərdir. Əflatun (Saraclı) Məmmədovun «Azərbaycan uşaq ədəbiyyatı» (1977), «Jəlil Məmmədquluzadənin həyatı və ictimai fəaliyəti» (1979), «Azərbaycan bədii nəsri» (1983), «Azərbaycan yazıçıları Jümhuriyyət dönəmində» (2007) və s samballı monoqrafik əsərlər də Azərbaycan ədəbiyyatşünaslığına əvəzsiz töhfələrdir.
     Əflatun (Saraclı) Məmmədovun dərindən və tam anlamaq üçün onun poeziyasına müraciət etmək lazımdır. Əflatun müəllimin poetikası təmiz və saf məhəbbəti əks etdirməsi ilə yanaşı, milli azadlıq və Vətənin ərazi bütövlüyü, toxunulmazlığı uğrunda mübarizəyə çağırışları diqqətdən yayınmır. Vətən və onun müqəddəratı, milli istiqlal uğrunda aparılan mübarizə, onun ağrı-acıları, sevinc və qalibiyyətləri kimi aktual problemlər Əflatun müəllimi bir vətəndaş kimi millətinə üz tutmasına və müraciət etməsinə sövq etmişdir. Əflatun Saraclı qələminə məxsus şerlərdə Vətənimizin keçirmiş olduğu iztirabları duymağa çağırış ilə yanaşı, doğma el-obasını qoyub qaçanlara qarşı qəzəb, nifrət səsləyişi özünü qabarıq şəkildə büruzə verir. Onun bir şair kimi torpağına və xalqına, kökünə və tarixinə etinasızlığı və bunun nəticələrini şerlərində ürək ağrısı ilə əks etdirməsi və xalqımızın qürurdoğuracaq keçmişini yada salaraq, tarixdən ibrət dərsinin götürülməsi və bir daha həmin tarixi səhvlərin təkrar edilməməsinə çağırış ədibin lirikasının əsas leytmotividir. Əflatun müəllimin «Qalx, Azərbaycan!...» adlı şerində millətin şərəfli tarixi keçmişə və qəhrəmanlıqlarla dolu tarixi zamana arxalanmaqla yeni yüksəlişə, oyanışa və mübarizəyə çağırışı, onun bir insan kimi mənəvi aləmini gözümüzdə açıqlayır:

     Qalx da tanıt özünü;
     Xalq desin son sözünü,
     Dünya görsün üzünü
     Ağ, Azərbaycan!
     Qalx, Azərbaycan!...

     Əflatun Saraclının bir Borçalı övladı olması onun lirikasında özünü göstərmişdir. Borçalı qoynunda dünyaya göz açmış, orda böyümüş ədibin Borçalıya sevgisi səmimi, pak və qüvvətli bir hiss kimi, Azərbaycana məhəbbətin tərkib amili kimi əksini tapmışdır. Öz doğma el-obasına həsr etmiş olduğu «Borçalı», «Başkeçid dağlarında», «Qəlbimin ən şirin parçası burda», «Gur bulaq» və digər şerlərində yurdunun əzəmət və qüdrətinin doğurduğu qürur, doğma ocağa və və onun adamlarına bağlılıq hissinin və sevgisinin bariz şəkildə təsvir etməsi, Əflatun Saraclını bir Borçalı balası kimi daim düşündürən problemlər idi. Əflatun müəllimin «Borçalılar, Borçalını qoruyaq…» şerində Borçalının vahid Azərbaycan üçün qorunması çağırışı ilə yanaşı, bir Borçalı balası kimi ürək ağrısı ilə çəkdiyi harayı idi:

     Türk eliyik, od oğluyuq od kimi,
     Torpağımız niyə bizə dar olsun?!...
     Öz evində qorxaq gəzib yad kimi
     Bu meydandan qaçanlara ar olsun;
     Bizimkidir Naxçıvanla Qarabağ,
     Borçalılar, Borçalını qoruyaq!...
     Borçalını qoruyaq!...

     Millətin azadlıq və müstəqillik uğrunda mübarizəsi qarşısında milli vətəndaşlıq borcunu yaradıcılıq mərhələsinin poetik xislətinə çevirən Əflatun Saraclı qalib gələcəyimizə, azad bir dövlət quracağımıza nikbinliyini, torpaqlarımıza təcavüz edənlərə qarşı vətən övladlarının müqəddəs amal uğrunda birləşib mübarizə aparacaqlarını «Ümid», «Azərbaycan öz gücü ilə boy atdı» və s. şerlərində ifadə etmişdir. Üç rəngli bayrağımızın böyüklüyünü, mütləq qələbənin inamı, bu inam hisslərində millətin tarixi keçmişinə bağlılığı və milli talenin nikbin sonluğu Əflatun müəllimin daxili istəyi kimi dəyərləndirilməlidir:

     Heç kəs göz tikməsin torpağımıza,
     Arzumuz həqiqət, yolumuz haqdır.
     Bu gün də üç rəngli bayrağımıza
     Əsil türk adımız yazılacaqdır.

     Əflatun Saraclı Azərbaycan millətinin başına gətirilən faciələrin, təhlükələrin ağırlığını, Vətənə və tarixi yaddaşa biganəliyin ağır nəticələrini biganə insanlara hiddətini poetik bir dillə çatdırmışdır. Millətin dərdinə qalmayan, özündən, öz ətrafından başqa heç kəsi düşünməyən, vətəni yaddan çıxaran xain və nankor insanlara ünvanlamış «Allahım, bir yol aç sən bu millətə» şerində Əflatun müəllimin vətəndaşlıq mövqeyi burda da özünü göstərmişdir:

     İrəli çıxanı yerlipərəstdi,
     Millətə yönəlir birinci qəsdi;
     Bu qədər sınağa çəkirsən bəsdi,
     Allahım, bir yol aç sən bu millətə.

     Əflatun Saraclının ana torpağa bağlılığı, Vətənin vahidliyini təmin etmək naminə birliyə çağırışı ədibin lirikasının əsas leytmotividir. Əflatun müəllimin şerlərində Vətənin istiqlaliyyəti uğrunda mübarizəni, onun bütövlüyü və toxunulmazlığı zəruriliyini həmişə nəzərdə saxlamış və bütün bunları poeziya dili ilə şerlərində verməyə nail olmuşdur. Bu gün hamının ağrılı yeri olan Qarabağ münaqişəsinə bir Azərbaycanlı balası kimi mövqeyi də bədii yaradıcılığında özünü qabarıq göstərmişdir. Xalqın həyatında baş vermiş bu ciddi dəyişikliklərin milli hisslə şerlərində təsvir etməsi onun bir vətən oğlu kimi bu olaylara münasibətini göstərmişdir. Əflatun Saraclının qəmli notlarda ifadə olunmuş Qarabağ uğrunda müharibə mövzusunda qələmə almış olduğu lirik nümunələr baş verən olayları qavranılması ilkinliyi və səciyyəvi özəllikləri ilə seçilir. Əflatun Saraclı yaradıcılığının pafosunu təşkil etmiş milli azadlıq, mübarizəyə çağırış ideyası Qarabağ mövzusunda özünü daha qabarıq şəkildə büruzə verir. Vətənin çətin imtahan qarşısında qaldığını, insanların torpaq itkisiylə bağlı keçirdiyi hiss və həyəcanları, mənəvi əzab və əziyyətlərini bir vətəndaş kimi duyan şair bütün bunların çıxışını erməni düşməni üzərində qələbədə görür. Əflatun Saraclı «Ya Qarabağ, ya ölüm!» şerində millətinin şərəfsiz sülhə imza atmayacağına ümidini əks etdirmişdir:

     Bu millət qol qoymaz şərəfsiz sülhə,
     Bu qədər alçatmaz vətənim, elim;
     Ya Allah, ayağa qalxsın qoy ölkə:
     Ya doğma Qarabağ, ya da ki, ölüm!....
     Bu misraların müəllifi olan Əflatun müəllimə Qarabağın tam azad olmasını görmək qismət olmadı. Ürəyi Azərbaycanın bütövlüyü ilə çırpınmış bu müdrik ağsaqqalın arzusu həyata keçəcək. Özü də olmasa, onun qələmə almış olduğu əsərlər həmin azad olunmuş torpaqlarımızda xalqımız tərəfindən sevilə-sevilə oxunacaq…İnşallah!
     Əflatun müəllimin bədii yaradıcılığında diqqəti cəlb amillərdən biri də şairin ölümdən qorxmaması, ona mənən hazır olmasıdır. Onun «Bir gün bəlalar, qadalar gedər» şerində verilmiş bu beytə nəzər salaq:

     Dünyaya gəlmişəm, gedəcəyim var,
     Dostları pərişan edəcəyim var,
     Sənət bağçasında öz çiçəyim var,
     Hər gələn ətrindən dad alar gedər.

     Həyatı dərindən dərk etmiş, onun hər üzünü görüb yaşamış ədibin «Yuxuda köçəcəm bu dünyadan mən» şerində də bu faktın şahidinə çevrilirik:

     Yuxuda köçəcəm bu dünyadan mən,
     Bir daha göz yaşı görməyim deyə.
     Allahım, sən apar nə vaxt istəsən,
     Yaman ümidim var belə ölməyə…

     Cismən aramızda olmamasına hazır olan ədibin öz dili ilə verilməsi ürəkağrıdıcı olsa belə həyat reallığıdır. Əflatun müəllimin bizdən sonra dünyanın əbədi qalacağını, bizim isə bu dünyada «qonaq» olmağımızı poetik misralarda izhar etmişdir:

     Həyatla ölümün nədir arası,
     Hamımız dünyanın qonaq-qarası.
     Bir də görərsən ki, çatar sırası-
     Əflatun Saraçlı gedər dünyadan…

     Əflatun müəllimin «Yazılacaq» şerində də yaşanılacaq hər bir ömrün sonu olması vurğulanır. İnsanın bu həyatdakı sonluğunu poetik dillə təsviri kövrəldici olsa da, insanı həyat həqiqətlərinin dərinliklərinə varmağa vadar edir:

     Hər ömrün bir axırı var,
     İllər keçər-halay pozar;
     Qismətimiz soyuq məzar-
     Qazılacaq… Qazılacaq…

     Ruhu, varlığı ilə ənənəyə köklü bağlı olması, onun bu dünyadakı missiyasını ləyaqətlə yerinə yetirməsi Əflatun müəllimin özünün sözləri ilə də təsdiqini tapmışdır:

     Əflatun Saraclı inanmaz yada,
     Bir təmiz ad qoyub gedər dünyada.

     Bəli Əflatun müəllim, siz özünüzdən sonra bizlər üçün qiymətli əsərlərinizlə bərabər təmiz ad qoydunuz. İnanıram ki, qədirbilən Azərbaycan xalqı özünün qədirbilmiş övladı olmuş Əflatun Saraclının bu təmiz adını qoruyacaq və xatirələrdə yaşadacaq, onunla fəxr edəcək. Əflatun müəllimin keçdiyi həyat yoluna nəzər saldıqda inamla deyə bilərik ki, onun keçdiyi həyat illəri əbəs getməmişdi və onun keçdiyi yol gələcək nəsillərə bir örnək olacaq.
     Əflatun müəllim, Allah sizə rəhmət eləsin! Qəbriniz nurla dolsun! Amin!...

Salidə Şəmməd qızı Şərifova
Filologiya elmləri namizədi,
A.M.Qorki adına Dünya ədəbiyyatı İnstitutunun doktorantı




Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az