Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!İlham Əliyev alternativsizdirLit.az

Aybəniz Əliyeva-Kəngərli

"Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi: tərtib və yazıya alma prinsipləri ®

21.09.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Aybəniz Əliyeva-Kəngərli

Koroğlu     "Azərbaycan folklor kitabı"nın yeni dövrdə - on doqquzuncu yüzillikdə ortaya çıxan ən mükəmməl örnəyi və mühüm hadisəsi "Koroğlu" eposunun əlyazma-kitab halına gətirilməsidir. Uzun əsrlərin tarixi və milli-mənəvi təcrübəsinin, etnik-mədəni düşüncəsinin ən mühüm keyfiyyətlərini epik ənənədə özünəməxsus şəkildə inikas etdirən bu möhtəşəm folklor əsəri "Kitabi-Dədə Qorqud"dan sonra yazı-kitab şəkli alan ikinci qəhrəmanlıq dastanımızdır.
     On doqquzuncu yüzillikdə "Koroğlu"nun toplanılıb yazıya alınması işi əsasən cənubi Azərbaycanda həyata keçirilmişdir. Indiki halda həmin əməliyyatın nəticəsi kimi əlyazma-kitab şəklinə gətirilmiş iki "Koroğlu" nüsxəsi mövcuddur: Bunun birincisi elmi pasport qeydiyyatı, yəni harada, kimdən, kimin tərəfindən yazıya aldığı bəlli olan, ikincisi isə yalnız dil və üslub göstəricilərinə görə yazıya alınma yeri və vaxtı təsəvvür edilən əlyazma-kitabdır. Bu gün qorunduqları kitabxanaların yerləşdiyi şəhər adlarına uyğun olaraq elm aləmində şərti şəkildə Paris və Tiflis nüsxələri adlandırılan həmin əlyazma-kitablar "folklor kitabı" ənənəsinin tarixi meyarlarına cavab verməklə yanaşı bir sıra özünəməxsusluqlara da malikdirlər.
     Xronikal ardıcıllıq prinsipi ilə bu əlyazma- kitabların hansı şəklidə düzümlənməsi Tiflis nüsxəsində informativ qeydiyyatın verilməməsi səbəbindən xeyli dərəcədə çətindir. Daha konkret tarixi-informativ məlumatın əks olunduğu Paris nüsxəsi on doqquzuncu yüzilliyin əvvəllərini çevrələdiyindən yeni dövrün ilkin folklor kitabı kimi onun üzərində dayanmaq məqsədyönlüdür.
     "Koroğlu"nun Paris nüsxəsinin bir əlyazma-folklor kitabı kimi ümumi səciyyəsinə keçməzdən öncə bir mühüm cəhəti ayrıca vurğulamaq lazım gəlir . Bu bütün əvvəlki folklor kitablarından fərqli olaraq sözü gedən əlyazma-kitabın dəqiq pasport göstəriciləri ilə təchiz olunması məsələsidir. "Kitabi Dədə Qorqud", "Oğuznamə", "Əmsali-Türkanə" kimi mükəmməl əlyazma kitablarda mətnin informativ mənbəyi-söyləyicinin kimliyi barədə heç bir məlumat verilmədiyi halda, "Koroğlunun" Paris nüsxəsində folklor mətnini-dastanı söyləyən informativ mənbə və onun qeydiyatı məsələsi konkret şəkildə göstərilir: Kitabın müəllifi Aşıq Sadıq adı ilə məşhur olan Sadıq bəy və onun qələmə alan Mirzə Əbdülvəhab olmuşdur.(1,148). Dastanı söyləyən Aşıq Sadıq cənubi Azərbaycanın Nigarıstan elindəndir. Bu ərazi indiki Qaradağ mahalına aiddir. Aşıq Sadıq dastanı tamamladıqdan sonra sonluğun faciəvi şəkildə başa çatması səbəbindən dastançılıq ənənəsinə uyğun olaraq bir cahannamə də söyləmişdir. Cahannamənin möhürbəndindən onun müəlifinin Aşıq Sadığın özü olduğu aydınlaşır:

     Könül qulluq etdi kamil ustada,
     Kamala yetmedi işi xam qaldı.
     Danəndələr köçdü getdi dünyadan,
     Bədəlində bir ağlı yox, kəm qaldı.

     ***

     Əhanət kimsəyə deməz yaman dil,
     Bivəfadı bu dünyanı yəqin bil.
     Huh ömür eylədi min doqquz yüz il,
     Sanasan bu səhər, bir axşam qaldı.

     ***

     Hökminən oturub durdum deyənlər,
     As-kəs buyuruban vurdum deyənlər.
     Malım, evim-eşiyim, yurdum deyənlər
     Elə köçdü getdi, quru dam qaldı.

     ***

     Aşıq hərzə sözü kəlam eyləməz,
     Xəsis bir kimsəyə ənam eyləməz,
     Heç kəs dünya işin tamam eyləməz,
     Çoxları cəhd eylədi, natamam qaldı.

     ***

     Nigarıstanlı Sadıx, ay nəsib elə,
     Şəcərdən boy çəkmiş ay nəsibelə.
     İsgəndər yeridi aynası belə
     Nə Cəmşidə qaldı, nə də cam qaldı.
(1, 198)

     Dastanın yazıya köçürülmə tarixi də əlyazmanın qapanış səhifəsində dəqiq şəkildə bildirilir: "Çərşənbə günü, rəbiüləvvəl ayının on beşi, hicri-qəməri min iki yüz əllinci il" (1,198). Əlyazmanın miladi təqvimlə 1832-ci ildə hazırlandığı görünməkdədir. Ay və günün dəqiq göstərilməsi, zənnimizcə, işin tamamlanması, başa yetməsi tarixini ifadə edir. Çünki böyük vaxt və zəhmət tələb edən bu iş bir gün ərzində hazırlana bilməzdi. Maraqlıdır ki, icranın doğru-dürüstlüyü bu işə şahidlik edənlər vasitəsi ilə də təsdiqlənir: "Cənab Mirzə İsgəndərin nökər və qulluqçuları-Mirzə Mehdi Gilani, Həzrətqulu bəy və Yaqub bəy də bu işin şahidi olmuşlar"(1,198). Qeyd olunan dəqiqi göstəricilərlə yanaşı qapanış hissədəki məlumatın bir sıra nüanslarına aydınlıq gətirilməsi ehtiyyacı duyulur. Söyləyici (Aşıq Sadıq Nigarıstanlı), katib (Mirzə Əbdülvəhab) və şahidlərdən (Mirzə Mehdi Gilani, Həzrətqulu bəy, Yaqub bəy) başqa iki adamın da adı və xidməti qapanışdakı məlumatda xüsusi hörmət və ehtiramla çəkilir. Bunun birincisi, "Koroğlu" dastanını yazıya almaq və kitab halına gətirmək ideyasının müəllifidir. Məlumatda onun adı kitabı hazırlamağın əsas səbəbkarı kimi ayrıca vurğulanır: "Bu kitabın təsnifinə səbəb cənab Hacı Mirzə İsgəndər olmuşdur" (1, 198). Elə isə, Hacı Mirzə İsgəndər kimdir?. Bilindiyi kimi, "Koroğlu" dastanının sözü gedən mətni Qaradağ mahalından olan Nigarıstanlı Aşıq Sadığın ifasından yazıya alınmasından az sonra onun sorağı Avropadan gəlir. Avropada "Koroğlu"nun bu mətninin tanıdılması işi ilə polyak şərqşünası Aleksandr Xodzko məşğul olur. 1842-ci ildə Londonda Aleksandr Xodzkonun təqdimatı və tərcüməsində Aşıq Sadığın repertuarından yazıya alınmış "Koroğlu" dastanı ingilis oxucusuna çatdırılır. Daha sonra həmin mətni Jorj Sand və Adolf Brelye fransız, O, Volf alman, S. Penn isə rus dilinə çevirərək nəşr etdirirlər. (2,4-5)
     Aleksandr Xodzko İranın Rəşt və Gilan şəhərlərində Rusiyanın konsulu vəzifəsini yerinə yetirərkən bir şərqşünas alim kimi şərq mədəniyyəti, o cümlədən də folkloru ilə yaxından maraqlanmış, ən müxtəlif mövzuları əhatə edən çoxsaylı əlyazmalar toplanmış və Avropaya qayıtdıqdan sonra onların tədqiqi, nəşri ilə məşğul olmuşdur. Görünür, bütövlükdə yaxın şərq aləmində, o cümlədən də Azərbaycanda böyük şöhrət qazanmış "Koroğlu" dastanı da onun diqqətini şəkmiş və həmin səbəbdən də bu möhtəşəm əsəri Avropada tanıtdırmaq qərarına gəlmişdir. Bu işin miqyas genişliyini və ağırlıq dərəcəsini nəzərə alan Aleksandr Xodzko təəssübkeş Azərbaycan ziyalılarının köməyindən istifadə etmişdir. "Kitabın təsnifinə səbəb olan" ifadəsi də təşəbbüsün onun tərəfindən qaldırıldığına işarə edir. Avropa-rus tələffüzündə olan "Aleksandr" adını şərq tələffüz variantına uyğun olaraq "İsgəndər" şəklində verən katib İranda hörmət, xoş münasibət əlaməti kimi adların qarşısında işlədilən "Hacı", "Mirzə" etiketləri ilə Aleksandr Xodzkoya sadəcə olaraq müsafirpərvər ehtiram ifadə etmişdir. Deməli, Hacı Mirzə İsgəndər əslində Aleksandr Xodzkonun özüdür. Bu səbəbdən də "Koroğlu" dastanının yazıya alınmış mətninin onun tərəfindən Avropaya aparılması və qərb elmi-mədəni ictimayyətinə təqdim olunması təbiidir.
     Qapanmış-məlumatda adı keçən ikinci bir şəxsin də əlyazma-kitabın hazırlanmasında əmək sərf etdiyi xüsusi razılıq və minnətdarlıq hissi ilə qeyd olunmur: "Bu nüsxəni əvvəldən axıra qədər Mahmud xan Dünbili Dircuy toplamışdır" (1, 198). Əvvəlki dönəmə, yəni orta çağ folklor kitabı ənənəsinə görə əlyazma-kitabın katibi həm də onun toplayıcı-tərtibcisi sayılırdı. Belə olduqda, Aşıq Sadıq repertuarından yazıya alınmış "Koroğlu" mətninin katibi Mirzə Əbdülvəhabın statusu, yəni dastanı yazıya almaq vəzifəsi elan olunduqdan sonra, əlavə olaraq, Mahmud xan Dünbilinin adının toplayıcı statusunda verilməsi nə ilə bağlı ola bilər? "Bu nüsxəni əvvəldən axıra qədər Mahmud xan Dünbili Dircuy toplamışdır "-cümləsi sıravi kitab-yazıya alan vəzifəsindən fərqli daha məsul bir statusu yazılanları toplayıb saf-çürük edərək kitab halına gətirmək, tərtib etmək, yazıya alınmış ayrı-ayrı məclisləri ardıcıllıqla düzüb kitab şəklinə salmaq, onun orfoqrafiyasından tutmuş dil-üslub səlisliyinə qədər bütün incə nüanslarına diqqət yetirmək vəzifəsini açıqlayır. Bu o deməkdir ki, "Koroğlu" mətninin əlyazma-kitab halında hazırlanmasının əsas məsuliyyəti Mahmud Xan Dunbilinin üzərinə düşmüşdür. Aşıq Sadığın Azərbaycan türkçəsində danışıldığı "Koroğlu" qollarının fars dilinə tərcüməsi ilə də, güman ki, məhz o özü məşğul olmuşdur. Tərcüməçinin kim olduğu qapanmış səhifəsindəki məlumatda konkret şəkildə göstərilməsə də bunun Mahmud xan Dünbili ola biləcəyini təxmin etmək mümkündür.
     Fars dilini və güman ki həm də türk dilini (Azərbaycan türkcəsini) yaxşı bilən şərqşünas Aleksandr Xodzkonun tərcümə və orijinalla yaxından tanış olduğu və onların yazılış keyfiyyətindən razı qaldığı sonluqdakı məlumatda öz əksini aşağıdakı şəkildə tapmışdır: "Mətn düzgündür, lakin türki rəsmül xəttində bir neçə səhv gedibdir. Ulu Mirzə İsgəndər bunu qeyd etsə də, onları düzəltməyə fürsət olmadı" (1, 198). Bu qeyd Aleksandr Xodzkonun böyük ehtimalla səfər üstündə olduğuna işarə edir. Görünür o, Avropaya qayıtmaq ərəfəsində bu işlə məşğul olmuşdur. Lakin əlyazma-kitabın son tamamlanma işləri onun yola çıxması ilə üst-üstə düşməsindən əlyazmanı nəzərdən keçirərkən müşahidə etdiyi, "bir neçə səhvi" düzəltdirməyə imkan tapa bilməmişdir.
     Bu gün əldə olan və və şərti olaraq "Paris nüsxəsi" və ya "Xodzko mətni" adlandırdığımız "Koroğlu"nun orijinaldakı, yəni Azərbaycan türkcəsindəki vəziyyəti barədə müfəssəl şəkildə söz açmaq, demək olar ki, mümkün deyildir. "Xodzko mətni"nin yalnız nəzn hissəsi indiki halda öz oirjinal şəklindədir. Şeirlərin yanında farsca sətri tərcümə verilsə də, əsas mətn yerində Azərbaycan dilində olan Koroğlu qoşma və gəraylıları dayanır. Əlyazmanın nəsr hissəsi isə tamamilə farscadır. Daha doğrusu, fars dilinə çevrilmiş vəziyyətdə-tərcümənin dilindədir. Şübhəsiz ki, bu göstərici həmin mətni orijinal "folklor kitabı" kimi qəbul etmək imkanı vermir. Çünki bütün hallarda burada müəyyən tərcümə əməliyyatının getdiyi açıq şəkildə görünməkdədir.
     Söyləyicinin (Aşıq Sadığın) öz repertuarındakı "Koroğlu" qollarını katibin (Mirzə Əbdülvəhabın) qarşısında dastanın daşındığı dildə-Azərbaycan türkcəsində söylədiyi aydın bir məsələdir. Məlum "Xodzko mətni"nin hazırlanmasında ilkin mərhələ, əlbəttə ki, Aşıq Sadıq Nigarıstanlının söylədiyi "Koroğlu" qollarının katib Mirzə Əbdülvəhab tərəfindən yazıya alınmasıdır. Sözü gedən ilkin mərhələ əsil folklor kitabı mərhələsidir. Lakin, çox təəssüflər olsun ki, Aşıq Sadıqğın ana dilində söylədiyi bu ilkin, orijinal mətn üzərində fars dilinə tərcümə əməliyyatı həyata keçrilməsindən sonra onun hansı taleyi yaşadığını söyləmək üçün hələlik əldə heç bir ip ucu yoxdur. Ana dilimizdə olan həmin orijinal mətn fars dilinə tərcümə olunduqdan sonra gərəksiz-lazımsız bilinərək bir kənaramı atılmışdır? Yoxsa Aleksandr Xodzko həmin orijinal nüsxəni də fars dilinə tərcümə olunmuş variantla birgə özüylə Avropayamı aparmışdır? "Türki rəsmül xəttində bir neçə səhv gedibdir" ifadəsinin indi əldə olan nüsxədəki türkcə şeirlərin yazılışınamı, yoxsa A.Xodzkonun tərcümə ilə birlikdə götürdüyü orijinalın imlasınamı aid olduğunuda dəqiq söyləmək çətindir. Fransadakı Paris Milli kitabxanasında əsərin yalnız haqqında danışılan fransa tərcüməsi saxlanıldığından hələlik bu barədə konkret mülahizələr irəli sürmək olmaz. Bəlkə də günün birində "Xodzko mətni"nin orijinalı tapılacaq və "Azərbaycan folklor kitabı"nın bu unikal örnəyinin gerçək mənzərəsi elm aləminə və mənsub olduğu xalqa bəlli olacaqdır.
     İndiki halda "Xodzko mətni" şərti anlamda "Azərbaycan folklor kitabı" meyarına uyğun gəlir. Bununla belə, kitabın hazırlanmasında folklor mədəniyyətimizə həsas münasibət göstərən Azərbayacan ziyalılarının birbaşa və yaxından iştirakı onun orijinaldakı strukturunun, süjet ardıcıllığının qorunmasını təmin etmişdir. Lakin həm tərcümə, həm də tərtib-kitab halına gətirmə prosesində folklor –canlı danışıq üslubu yazı-kitab dili ilə əvəzlənmiş, dastan ifaçılığına məxsus ənənəvi "giriş" və "keçid" formullarının yerinə klassik şərq kitab tərtibinə xas standart qəliblərdən istifadə olunmuşdur. Məsələn, ozan və aşıq ifaçılığında dinləyiciyə çatdırılması nəzərdə tutulan mətnin (boy və ya qolun) özünəməxsus bir ad-təqdimatının olduğu həm yazılı qaynaqlardan ("Kitabi-Dədə Qorqud"), həm də bu gün yaşamaqda davam edən mövcud folklor ənənəsindən hər kəsə bəllidir. Oğuznaməçi – ozanın boylara verdiyi ad –təqdimatların ("Salur Qazanın evi yağmalandığı boyı bəyan edər", "Qanlı Qoca oğlu Qanturalı boyını bəyan edər, Xanım hey-hey!", "İç Oğuza daş Oğuz asi olub Beyrək öldügi boyı bəyan edər") dasatançı-aşığın "Koroğlu" qollarını adlandırması ("Dəmirçioğlunun Çənlibelə gəlməyi", "Koroğlunun Toqat səfəri", "Telli xanımın Çənlibelə gətirilməyi" və s.) ilə demək olar ki, üst-üstə düşməsi bu biçimdəki adlandırma ənənəsinin qədim köklərə malik olduğunu göstərir. Nigarıstanlı Aşıq Sadığın söylədiyi "Koroğlu" dastanının ayrı-ayrı qolları da, heç şübhə yoxdur ki, sözü gedən tarixi ənənəyə uyğun tərzdə adlandırma-təqdimatdan sonra nəql olunmuşdur. Lakin əldə olan "Xodzko mətni"nin mənzərəsindən də göründüyü kimi mətni kitab halına gətirən tərtibçi-tərcüməçilər dastan söyləyicisinin - Aşıq Sadığın ayrı-ayrı qollara verdiyi ad –təqdimatları bir kənara qoyaraq, ənənəvi şərq kitab tərtibi prinsipləri əsasında dastanı sıra ardıcıllığı ilə nömrələnən "məclis"lər şəklində təqdim etməyi üstün tutmuşlar. Buna görə də Aşıq Sadıq Nigarıstanlının söylədiyi on üç qol kitabda on üç məclis şəklində öz ifadəsini tapmışdır: "Birinci məclis", "İkinci məclis", "Üçüncü məclis" və s. Bundan əlavə aşığın dastan (qol) başlama və qoldan-qola (süjetdən-süjetə) keçid manerasını əks etdirən spesifik qəlib-formulların ("Sizə kimdən, hardan xəbər verim, Çənlibelli qoç Koroğludan", "Bu burda qalsın eşit xəbəri Dəmirçioğlundan", "Sizə kimdən deyim, Giziroğlu Mustafabəydən" və s.) cüzi bir bölümü qorunub saxlanılsa da, xeyli hissəsi mətni kitab halına gətirənlər tərəfindən klassik şərq təhkiyəsinə məxsus şablon –qəliblərlə əvəzləndirilmişdir: "Ravilər, müdrik tarixçilər belə nəql edirlər ki..." (1,192), "Rəvayətçilər, keçmişdən xəbər verən şirin sözlü qocalar belə nəql edirlər..." (1, 159).
     Bir çox məclislərin (məsələn, dördüncü və beşinci, on bir və on ikinci) biri-birinə kitab hekayəti şəklində keçidi vardır ki, bu da dastan ifaçılığı prinsiplərinə uyğun gəlmir. Dastan ifaçılıq ənənəsinə görə hər bir qol müstəqil şəkildə tamamlanmalı və aşıq finala uyğun yekunlaşdırıcı ifadələr (məsələn, "Koroğlu dəlilərini başına yığıb yeddi gün , yeddi gecə məclis qurdu", "Koroğlu məclis qurub Dvbhçbjğluynan Telli xanımın toyun tutdu..." və s.) işlətməli olduğu halda, "Xodzko mətni"ndə on birinci məclisinin sonluğu "Koroğlu Bolu bəyi arxayın edib dedi: Dona xanımı sənə almasam, kişilik papağını başıma qoymaram" (1, 173) şəklində başa çatır və bunun ardınca gələn on ikinci məclis "Koroğlu Bolubəyə ənam xələt verdi. Ona xüsusi otaq ayırdı. Gündəllik yemək içməyini verib onu az da olsa korluq çəkməyə qoymadı" (1, 173) cümlələri ilə başlanır. Şifahi epik ənənə üçün səciyyəvi olmayan belə keçidlər şərq qissə ədəbiyyatının təsiri altında baş vermişdir ki, bu da "Xodzko mətni"ni hazırlayan tərtibçilərin şərq kitabçılıq ənənəsini "Koroğlu" qollarının yazıya alınması, daha doğrusu, kitablaşdırılması əməliyyatına tətbiqi ilə əlaqədar bir məsələdir.
     "Koroğlu" qollarının toplanması, yazıya alınması və nəşri işinin təşəkkülü mərhələsində ən mühüm addımlardan biri olan "Paris nüsxəsi"nin, yəni "Xodzko mətni"nin bir başqa tarixi-mədəni əhəmiyyəti də onun timsalında "Azərbaycan folklor kitabı"nın tərcüməsi prosesinin başlanmasıdır. Əslində özü də bir tərcümə mətni (Azərbaycan türkcəsindən orijinaldan farscaya) olan, "Paris nüsxəsi" Avropa dillərinə (ingilis, alman, fransız, rus və s.) tərcümə zamanı əsas istinad mətni rolunu oynamışdır.
     Beləliklə, Aleksandr Xodzkonun hələ cənubi Azərbaycanda olarkən başladığı "Koroğlu" dastanının tərcüməsi işi sonrakı onilliklərdə Avropada tərcümədən tərcümə şəklində davam etdirilmişdir. "Xodzko mətni"ndən tutmuş on doqquzuncu yüzilliyin müxtəlif onilliklərində Avropa boyunu çevrələyən London, Paris, Sankt-Peterburq və başqa tərcümə-nəşr işlərinə qədər çoxyönlü və geniş elmi-mədəni fəaliyyətin bütün başqa keyfiyyət göstəriciləri ilə yanaşı, yuxarıda qeyd olunduğu kimi, diqqətçəkici bir cəhəti də Azərbaycan folklor mədəniyyətinin, o cümlədən də "folklor kitabı"nın tərcüməsi sahəsində sistemli fəaliyyətin əsasının qoyulmasıdır.

Ədəbiyyat:

1. Koroğlu. (Paris nüsxəsi), (hazırlayanlar: İ.Abbaslı, B.Abdulla), Bakı, Ozan, 1997.
2. Abbaslı İ. Ön söz. Bax: Koroğlu (Paris nüsxəsi), s.4-10.
3. Kitabi-Dədə Qorqud (hazırlayanlar: F.Zeynalov və S.Əlizadə), Bakı, Yazıçı, 1988.
4. Koroğlu (Tiflis nüsxəsi), (hazırlayanlar D.Əliyeva və E.Tofiq qızı), Bakı, Səda, 2005.
5. Qasımlı M. Ozan-aşıq sənəti. Bakı, Uğur, 2007.


RESUME

A.Aliyeva-Kangarly. Epos "Koroglu" "Paris copy" as the manuscript "Azerbaijan Folklore's book": The principles and attributes

In the first half nineteenth centuries the epos "Koroglu" was two folklores of the Azerbaijan culture and including product epos traditions. For creation of "the folklore book" to this has been shown epos sensitive interest. These two manuscripts realized creation of the new book. These manuscripts in the status of "the folklore book " had mission and cultural-historical values. Despite of some lacks of the text, in reflection of shape ashiq and about courage in its repertoire, both two manuscripts protected historical tradition and have been transferred in the future generation. And including epos was huge the scientifically-cultural manuscript. "Text Xodsko" (the Parisian copy) was addition to the book "Koroglu" as translation of the book. And this copy has been provided for an output to the Europe. Tiflis manuscript as the text in the Azerbaijan language approached to principles to «the folklore book» and be a great value in historically-cultural position.



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az