Vasim Məmmədəliyev13.04.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Vasim MəmmədəliyevHər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, ərəb xalqlarının bədii söz sənəti beşiyinin, 1400 il əvvəl yazılmasına baxmayaraq, özünün təkrarolunmaz özəllikləri ilə şer həvəskarlarını və mütəxəssisləri heyran edən, cahiliyyə və ilk islam dövrləri poeziyasının qüdrətli düha sahiblərinin vətəni, Allah-təalanın öz ecazkar kəlamını ehtiva edən Qurani-kərimi sevimli Peyğəmbəri Məhəmmədə (ə.s.) nazil etdiyi müqəddəs ərazinin, Səudiyyə Ərəbistanının və onun qanuni varisləri olan səudiyyəlilərin ədəbiyyatının yaranma tarixi bu gün də mübahisəli olaraq qalır. Bir sıra alimlər bu ədəbiyyatın yaranma tarixini 1740-cı illə, yəni sonralar Səudiyyə Ərəbistanı krallığının ideoloji bazasına çevrilmiş sələfiyyə məzhəbinin davamçısı Şeyx Məhəmməd ibn Əbdülvəhhabın əd-Dəriyyə əmirliyinin başçısı Şeyx Məhəmməd ibn Səudla Ərəbistan yarımadasında mərkəzləşmiş vahid Səudiyyə dövləti yaratmaq haqqındakı sazişilə əlaqələndirirlər. Digər alimlər isə bu tarixi Səudiyyə Ərəbistanı krallığının yaranması ilə bağlayıb, onu 1924-cü ilə aid edirlər. Əgər birinci tarixi Səudiyyə Ərəbistanı ədəbiyyatının əməli, ikinci tarixi isə onun rəsmi başlanğıcı hesab etsək, deyə bilərik ki, bu ədəbiyyatın 80 illik bir tarixi vardır. Ümumərəb tarixi ilə müqayisədə qısa bir müddət olan bu 80 il ərzində Səudiyyə Ərəbistanı ədəbiyyatı əvvəlcə ideoloji bazası hətta başqa ərəb ölkələri tərəfindən birmənalı qarşılanmayan qapalı bir cəmiyyət çərçivəsində inkişaf etmiş, sonralar isə Misir, Suriya, İraq kimi ölkələrin ədəbiyyatının təsiri ilə ümumərəb mədəni tərəqqisinə qoşulmuş və zaman keçdikcə beynəlxalq aləmə nüfuz edərək ümumdünya ədəbiyyatının tərkib hissəsinə çevrilmişdir. Bu gün Səudiyyə Ərəbistanı ədəbiyyatı bir çox Avropa dillərinə tərcümə olunmuş qüvvətli ictimai-siyasi poeziyası, məhəbbət lirikası, ölkədə baş verən ictimai dəyişiklikləri əks etdirən geniş panoramaya malik romanları, hamının rəğbətini qazanmış və xalq həyatını real boyalarla təsvir edən çoxsaylı novellaları və nəhayət, dini və bəşəri dəyərləri təbliğ edən dramaturgiyası ilə fəxr edə bilən bir ədəbiyyata çevrilmişdir. Səudiyyə Ərəbistanı ədəbiyyatının araşdırılması ilə məşğul olan ədəbiyyatşünaslar islam ehkamlarının sələfi məzhəbi baxımından izahına və bu məzhəbin özünün irəli sürdüyü əsas müddəa və prinsiplərinin açıqlanmasına həsr olunmuş nəsr əsərlərini, başlıca olaraq dini risalə və xübtələri istisna hesab edərək bu ədəbiyyatın inkişafında poeziyanın nəsri qabaqladığını göstərirlər. Səudiyyə poeziyasının ilk nümayəndələri "şurau-d-dəva", yəni Səudiyyə Ərəbistanı krallığının rəsmi ideologiyası seçilmiş sələfi (vəhhabi) məzhəbinə çağıran şairlər adlandırılırlar. Bu şairlər sələfi məzhəbinin əsl islamı əks etdirdiyini, onun digər dini məzhəb və cərəyanlardan üstünlüyünü gözəl poetik dillə təbliğ edirlər. Onlar Səudiyyə əhalisini bu məzhəbin müddəaları ruhunda tərbiyə edir, məzhəb rəhbərlərinin və dövlət başçılarının mədhi ilə məşğul olurlar. Dəvət şairləri arasında Məhəmməd ibn Əhməd əl-Hifzi, Osman İbn Mənsur, İbn Səhman, Əhməd ibn Muşarraf kimi qüdrətli qələm ustaları olsa da, onlar ənənəvi təfəkkür çərçivəsindən kənara çıxmır, yeni formalar axtarmır, klassik səpkidə qəsidələr yazır, bir sözlə, poeziyada mühafizəkar mövqe tuturdular. Səudiyyə Ərəbistanı krallığının digər ərəb ölkələri ilə təması artdıqca, ölkənin daxilində ictimai münasibətlər inkişaf etdikcə və xüsusilə Avropa ilə əlaqələr qüvvətləndikcə Səudiyyə poeziyasının ictimai-siyasi qolu yaranmağa başlayır. İctimai-siyasi poeziya nümayəndələri vətənpərvərlik, əqidəyə sadiqlik mövzularında şerlər yazır, məhəlli, regional, ümumərəb və beynəlxalq problemlər ətrafında poetik mübahisələrə qoşulurdular. Səudiyyə Ərəbistanı şairləri öz yaradıcılıqlarında Fələstin xalqının acınacaqlı vəziyyətini təsvir edir, onun öz azadlığı uğrunda apardığı ölüm-dirim mübarizəsini salamlayır və bu mübarizənin qələbə ilə nəticələnəcəyini bəyan edirlər. İctimai-siyasi şer müəllifləri arasında Əhməd əl-Qazzavi, Abdullah ibn əl-Xəmis, Hüseyn Sarhan əl-Heyli, Fuad Şakir əs-Sənnisi, Zahir əl-Əlman, Ziyəddin Rəcəb, Məhəmməd Səid Dəftərdar, Əbdü-l-haqq Nəqşbəndi, Əli Hafiz, İbrahim əl-Cəda, Tahir əl-Faqi əz-Zəməxşəri, Mustafa Zuqzaq, Muqbil əl-Əbsi, Sad əl-Bahardi, Qazi-əl-Quseybu, Abdulla ibn İdris, Məhəmməd Həsən Faqi, Məhəmməd Haşim Rəşid, Məhəmməd Amir ər-Rumeyhu, Əbdü-l-Əziz əl-Əclai, Əbdü-r-Rəhman əl-Əşmavi kimi mahir söz ustaları da vardır. Bu şairlərin şöhrəti Səudiyyə Ərəbistanı hüdudlarını aşaraq bütün ərəb ölkələrinə yayılmış, onların şer divanları Misir, Suriya, Livan, Əlcəzair kimi ərəb ölkələrində nəşr olunmuş, Avropada, o cümlədən İngiltərə, Fransa və Almaniyada çap olunmuş "Ərəb poeziyası müntəxəbat"larına daxil edilmişdir. İctimai-siyasi poeziya nümayəndələri arasında xeyli qadın şairlər də vardır. Onlardan Cayda əl-Məifi, Cacariyyə ər-Rif, Xədicə əl-Umari, Əşcan əl-Hindi, Sürəyyə əl-Arid, Fövziyyə Əbu Xalid və Səmra əl-Bədii kimi şairlərin şerləri ərəb oxucularının rəğbətini qazanmış və sevilə-sevilə mütaliə edilir. Səudiyyə Ərəbistanı poeziyasının aparıcı qollarından biri də məhəbbət lirikasıdır. Məhəbbət lirikası nümayəndələrindən təkcə kral sülaləsinə mənsub olan Əmir Abdullah əl-Feysəlin adını çəkmək kifayətdir. Onun insan qəlbini riqqətə gətirib, onda xoş əhval-ruhiyyə yaradan, ərəb qızının vəfasını, şümşad qamətini, ilahi gözəlliyini, yüksək ali əxlaqını tərənnüm edən şerləri Misirdə, Suriyada, İordaniyada və Livanda bəstəkar və müğənnilərin nəzər-diqqətini cəlb etmiş, onun şerlərinə musiqi bəstələnmiş və görkəmli ərəb müğənniləri bu gün belə bu mahnıları böyük bir şövqlə oxuyurlar. Səudiyyə Ərəbistanı nəsri poeziyadan bir qədər sonra yaransa da, demək olar ki, öz inkişafında onu qabaqlamış və bu gün bu nəsr şaxələnib, qol-budaq atmış qüdrətli çətirə malik bir sənət nümunəsidir. İlk hekayəsi 1920-ci ildə, yəni 1917-ci ildə yazılmış ilk ərəb hekayəsindən cəmi üç il sonra işıq üzü görən Səudiyyə nəsrinin həcmcə ən böyük qolu novella janrıdır. Öz inkişafında bir neçə mərhələ keçmiş, başqa ərəb ölkələrinin novellaları ilə müqayisədə yerli zəmində təşəkkül tapmış Səudiyyə novellası primitiv təhkiyə tərzindən Gü de Mopassan və Çexov novellası səviyyəsinə yüksəlmişdir. Bu gün Səudiyyə novellası romantizm, psixologizm, realizm və hətta sürrealizm səpkisində yaradılmış nümunələri ilə fəxr edir. Səudiyyə novellistlərini yaşayıb yaratdıqları zaman ardıcıllığı baxımından araşdırsaq, onların arasında Hüseyn Sarhan, Məhəmməd Səid əl-Əmudi, Əhməd əs-Sibəi, Əbdü-l-Quddus əl-Ənsari, Əhməd Rza Huhu, Mahmud Alim əl-Əfvani, Mahmud Əmin Yəhya, Məhəmməd Əli Məğribi, Əhməd Əbdü-l-Qafur əl-Attar, Həsən Abdulla əl-Qırş, İbrahim Həşim əl-Fələi, Abdullah Cəfri, Xəlil İbrahim əl-Fəzi, Ələvi Taha-əs-Safi, Abdullah Baqazi, Əhməd əl-Buqiri, Fəhd əl-Atiq, Əbdülğaz Məşri, Məhəmməd Əlvan, Abdulla Baxşavin, Səd əd-Dəsuri, Həsən Hicab əl-Hazimi kimi mahir novellistlər də vardır. Novella sahəsində kişilərlə yanaşı, Bədriyyə əl-Bişr, Şərifə Şəmlan, Fövziyyə Carullah, Məryəm Əhməd əl Ğamudi, Həcva Məhəmməd Haşim, Əməl Əbdü-l-Həmid, Nəcət Əmr, Cövhərə Əbdü-l-Əziz, Sultanə Abdullah kimi tanınmış qadın novellistləri də külüng çalırlar. Adları çəkilən bu yazıçıların əksəriyyəti artıq bütün ərəb ölkələrində və Avropada qəbul olunmuş novellaçılardır. Onların bir çox novellası italyan, ispan, fransız, ingilis və alman dillərinə tərcümə olunmuşdur. Səudiyyə Ərəbistanı ədəbiyyatında roman janrı öz inkişafında ancaq dramaturgiyanı qabaqlamış, poeziya və novella janrından sonra yaranmışdır. Bu janrın gec ortaya çıxmasının səbəbini Səudiyyə ədəbiyyatşünasları Səudiyyə cəmiyyətinin uzun müddət qapalı qalması, onun ideoloji bazası olan sələfiliyin mühafizəkar, cəmiyyətdə yaranan yeni ictimai münasibətləri qəbul etməyərək, onlara rəvac verməməsi ilə izah edirlər. Onların fikrincə, roman janrı açıq cəmiyyətdə, bu cəmiyyətin əvvəlki ictimai münasibətlərdən yeni yaranan münasibətə keçməsi vaxtı yaranır. Onlar ictimai münasibətlərin dəyişməsini, yeniləşməsini iki mərhələyə bölüb, birincini keçid, ikincini sıçrayış adlandırırlar. Bəzi alimlərin fikrincə, Səudiyyə cəmiyyətində yeni münasibətlərə sakit keçid dövrü otuzuncu illərdə başlamış, həmin dövrdə Əbdü-l-Quddus əl-Ənsarinin "Əkizlər" və Məhəmməd Əli Məğribinin "Oyanış" romanları yaranmışdır. Bəzi alimlər isə məsələnin bu cür qoyuluşu ilə razılaşmır, bu əsərləri, ümumiyyətlə, roman hesab etməyib, orta həcmli hekayə kimi qiymətləndirirlər. Onların fikrincə, Səudiyyə cəmiyyətində köhnə münasibətlərlə yeni münasibətlər arasında mücadilə öz son həddinə İkinci Dünya müharibəsindən sonra çatmış və keçid də əllinci illərin əvvələrində başlanmışdır. Belə olduğu tərzdə ilk Səudiyyə romanlarının müəllifi Həmid Damahuri olur. Səudiyyə roman janrı onun "Qurbanın qiyməti" və "Günlər keçdi" romanlarından sonra rəvac və başqa yazıçılar tərəfindən davam etdirilmişdir. İlk ərəb romanları və İbrahim əl-Nasirin onlardan bir qədər sonra nəşr olunmuş "Gecənin örtüyündəki deşiklər", "Ölülər gəmisi", "Sürgün gözəli" və "Payız buludları" romanları Səudiyyənin Nəcd vilayəti ilə müqayisədə mədəni, ictimai-sosial və quruculuq baxımından daha çox inkişaf etmiş Hicaz vilayətində, daha dəqiq olsaq, Məkkədə yaranmışdır. Bu romanlardan sonra bir-birinin ardınca Fuad Sadiq Muftinin "Yox, bu arzu deyil", Əməl Şata-nın "Sabah unudacağam", Əmr Mahir Züleyin "Qabıq" romanları çap olunur. Bu romanlar istər dil, istər məzmun, istər struktur, istər təhkiyə, istərsə də qəhrəmanların xarakterinin açılması baxımından hələ lazımi səviyyədə deyildi. Müəlliflər də qorxa-qorxa danışıb hərəkət edən qəhrəmanları kimi, öz romanlarını qorxa-qorxa, ehtiyatla yazmış, onlarda qaldırdıqları problemlərə olan münasibətlərini sətirlər arasında gizlətmişlər. Səudiyyə romanlarını araşdıran ərəb ədəbiyyatşünasları 70-ci illərdən sonra yazılmış romanları, o cümlədən Abdullah Cəfrinin "Arzunun bir hissəsi", Əbdüləziz əs-Suqeybinin "Kömürün ətri", Sultan Səd əl-Qahmatinin "Qanadsız quş", Əbdüləziz Məşrinin "Buludlar və ağacların kökləri" romanlarını müasir roman səviyyəsinə yüksəlmiş əsərlər hesab edir, Nəcib Məhfuz və Yusif əs-Sibai yaradıcılığına bərabər tuturlar. Səudiyyə ədəbiyyatının ən son yaranmış janrı və ən zəif yeri, yəqin ki, dram janrıdır. Səudiyyə ədəbiyyatşünasları dramanın uğurunun yalnız əsərlə deyil, rejissorun istedadı, artistlərin qabiliyyəti və hətta səs və işıq tənzimləyicilərinin bacarığı ilə əlaqələndirirlər. Bir sözlə, onlar dramaturgiya janrının ortaya çıxmasını teatr sənətinin yaranması ilə bağlayır və yazırlar ki, Səudiyyə dramaturgiya tarixi teatr tarixi ilə üst-üstə düşür. Doktor Nasir əl-Xətibin fikrinə görə, ilk Səudiyyə dramı 1953-cü ildə yazılmışdır. Elə həmin İbrahim əl-Həmdan tərəfindən Molyerin "Zorən təbib" komediyası əsasında yazılmış bu əsər, əl-İhsa şəhərinin "İdman klubunda" səhnəyə qoyulmuşdur. İkinci drama "Bədəvi ərəb təyyarədə" əsəridir. Onun müəllifi Əbdüləziz əl-Həzza bu əsəri tamaşaya qoymaq istəsə də, müvəffəq olmamışdır. Bundan sonra ədib Əhməd əs-Sibai 1960-cı ildə Məkkədə yeni bir teatr yaratmış, Abdulla əl-Abbasinin "Yalançı Müseylimə" dramını tamaşaya qoymuşdur. "Qureyş-islam teatrı" adlanan bu teatr üçün Məhəmməd Abdulla Malibari tərəfindən yazılmış "Məkkənin fəthi" dramı tamaşaya qoyula bilməmişdir. Teatr bağlanmış və bu dram əsəri də itib batmışdır. Bu illər ərzində Qahirəyə oxumağa getmiş və oxuduğu dövrdə Qahirədəki Nəcib ər-Reyhani teatrında təcrübə keçmiş, oradan da Amerikaya səfər edərək teatr sənətini mükəmməl mənimsəmiş, vaxtilə Molyerin "Zorən təbibi"ni iqtibas etmiş İbrahim əl-Həmdan 1973-cü ildə vətənə qayıdır və yeni yaranmış "Mədəniyyət və incəsənət üzrə Səudiyyə cəmiyyəti"nə rəhbər təyin olunur. O, "Bəxt qatarı" adlı dram əsərini yazır və onu rejissorlar Səmani əl-Ani və Həmzə Bəşirin köməkliyi ilə tamaşaya qoyur. O, ikinci "Gicbəsərlər" komediyasını yazır və əsər böyük uğur qazanır. Bu əsər yeni yaranmış ictimai münasibətlər dövrünə təsadüf edir. Məhz bu dövrdə bir-birinin ardınca yeni-yeni dramlar yaranır. Bu dramların müəllifləri Süleyman əl-Həmmad, Üstaz Mükərrər, Əbdürrəhman əl-Həmd, Əhməd Dubeyi xalqı narahat edən problemlərə toxunur, tacirlərin fırıldağını, iş adamlarının zülmünü, dövlət məmurlarının rüşvətxorluğunu ifşa edir. Bu dramlar böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1980-ci ildən tarixi dramlar yaranmağa başlayır. Bunlardan 1985-ci ildə Əhməd əl-Dubeyinin "Vay Mötəsim", Rəşid əş-Şəmraninin "İbn Zureyr" və "19-cu Uveys", Məhəmməd ibn Abdulla Useyminin "Mavi qarpız", Hüseyn Abdullahın "Valəddənin məhəbbəti" dramlarını göstərmək olar. Səudiyyə Ərəbistanı dramaturgiyası yeni-yeni inkişaf edir. Şübhəsiz ki, o da Səudiyyə Ərəbistanı ədəbiyyatında özünə layiqli yer tutacaq və ümumərəb dramı səviyyəsinə yüksələcəkdir. Beləliklə, deyə bilərik ki, Səudiyyə Ərəbistanı ədəbiyyatı ümumərəb ədəbiyyatının qabaqcıl qollarından biridir və öz inkişafında bir sıra ərəb ölkələrinin ədəbiyyatını qabaqlamışdır. Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı. Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com |
Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:
21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009. Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009. Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009. Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008. Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi
Digər araşdırmalar
10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008 M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı