Lit.azLit.azLit.az

Həsənəli Eyvazov

Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri ®

10.07.2009. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Həsənəli Eyvazov, Naxçıvan Müəllimlər İnstitutu

     XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan dramaturgiyasının milli mədəniyyət, ictimai-siyasi hadisələr tarixinin elə faktları, hadisələri var idi ki, bu faktlar vz hadiszlzr onların səhnəyə gətirilməsi zərurətini doğururdu. Azərbaycanın siyasi və ictimai tarixi üçün xarakterik olan mövzulara müraciət etmək dram janrının yeni məzmunlu və janrlı dramın yaranmasını əsaslandırdı. Bir sıra tarixi dramların yaranması da bu zərurətin nəticəsi idi.
     Tarixi dramlar ədəbi qəhrəmanın şəxsiyyətinə görə fərqli idi. Bu qəhrəmanların bir qismi hökmdar, şah, vəzir, dövlət xadimi, aşiq, bir qismi də şair, alim, filosof idi. Bu baxımdan, ədəbi şəxsiyyətin ədəbi qəhrəman seçilməsi də dram janrının mövzu, qəhrəman baxımından yeni nailiyyətləri idi.
     Ədəbi şəxsiyyətlərin obrazını yaratmaq, onların həyat və fəaliyyətlərini səhnəyə gətirmək ötəri səciyyə daşımayıb, əksinə, XX əsr ədəbiyyat tarixinin, dramaturgiyamızın ən aktual mövzularından olub. Zaman keçdikcə tarixə qovuşan, işi və əməli, bədii yaradıcılığı ilə xalqın qəlbində yaşayan, yeni dövr ədəbi şəxsiyyətlərimiz də yazıçı və şairlərimiz tərəfindən unudulmamış, onların bədii obrazları səhnəyə gətirilmişdir. Həm obrazlar, həm də tarixi hadisələr gerçək, bədii prizmalardan əks etdirilmişdir. Hadisələrin və münasibətlərin təbii məzmununun ifadəsi tarixi dramlara xas olan əsas sənətkarlıq xüsusiyyətlərindəndir. Çünki, tamaşaçı təbii və gerçək olanı qəbul edir. Bu şəxsiyyətlərin qismi uzaq tarixi keçmişimizin (XI-XVI əsrlərin) şahidi idisə, bir çoxu da yaxın keçmişimiz sayılan XIX və XX əsrin şahidi və ya uzun illər yaşadığımız ictimai-siyasi quruluşun iştirakçıları olmuşlar. Bu şəxsiyyətlər haqqında yazılan tarixi dramlar onların həyatını, ədəbi baxışlarını əks etdirməklə bərabər, ictimai həyatdakı mövqelərini də işıqlandırırdı.
     XX əsrin əvvəllərindən başlayaraq onlarla ədəbi şəxsiyyətin – şair və yazıçının həyat və fəaliyyətini canlandıran, əks etdirən əsərlər- tarixi dramlar yazıldı. Ədəbi şəxsiyyətlərin həyatı, yaradıcılığı dövrünün səhnəyə gətirilməsi tarixi dramların mövzu baxımından yeni sahəsi idi. “Xəyyam” (H. Cavid), “Məhsəti” (K.Ağayeva), “Xaqani” (M.Rahim), “Nizami” (M.Hüseyn), “Fəryad” (B.Vahabzadə) “Nəsimi” (Ə.Məftun), “Karvan gedir” (A.Zeynallı), “Vaqif” (S.Vurğun), “Xurşidbanu Natəvan” (İlyas Əfəndiyev), “Molla Nəsrəddin Bakıda” (S.S.Axundov) “Xəyalat” (Ə.Haqverdiyev), “Sabir” (H.Nəzərli) və “Qəmküsar” (M.Tarverdiyev) və başqa əsərlər mövzusu, tarixi hadisələri konkret məzmunlarda əks etdirmək baxımından və həm də bədii xüsusiyyətləri, sənətkarlıq məsələlərinə görə ədəbiyyatımızın uğurlu ədəbi nümunələridir.
     XII əsrdən üzü bəri, şair və yazıçılarımızın yaradıcılığında milli-vətənpərvərlik və ictimai-siyasi baxımdan mövzu və ideya bağlılığı vardır. Xaqaninin və Məhsətinin vətən həsrəti, Nizaminin adil hökmdar arzuları, Füzulinin eşq və məhəbbət duğuları, Nəsiminin azad insan ideyaları, Vaqif və Xurşidbanu Natəvanın xalqa bağlılığı və s. məsələlər yeni dövr ədəbi şəxsiyyətlərin yaradıcılığında da öz əksini tapmışdır. M.F.Axundzadənin, C.Məmmədquluzadənin, N.Vəzirovun, Ə.Haqverdiyevin, M.Ə.Sabirin və başqalarının, eyni zamanda müasirimiz olan şair və yazıçıların əsərlərində də tarixiliklə müasirliyin vəhdəti özünü göstərməkdədir. Dramaturq ədəbi şəxsiyyəti onun dövrü, yaşadığı zamanın içərisində canlandırır. Bu baxımdan Azərbaycan tarixi dramlarının özünəxas bədii ifadəsi, sənətkarlıq prinsipləri vardır.
     Ədəbi şəxsiyyətlərdən bəhs edən əsərlərin mövzuları öz tarixi dövrləri ilə səciyyəvi xüsusiyyətlərə malik olmuşdur. Tarixi dramlarda dövr, zaman ayrıca bir tərəfdir. Obrazlar öz dövrü ilə bağlıdır. Bu dram əsərlərində başlıca amil insandır. Digər janrlardan fərqli olaraq burada, dialoqlar vasitəsi ilə yaranan dramatik və psixoloji vəziyyətlər, insanın daxili aləminin üzə çıxması (mənfi və ya müsbət), dialoqlararası ziddiyyətlər, və s. məsələlər daha qabarıq əks olunur. Çünki, burada əsərin qəhrəmanı yaşadığı dövrün, zamanın tarixi ədəbi şəxsiyyətidir. Yaradıcılığı ilə tarixdə özünə müəyyən mövqe qazanmış, istimai fikir tarixində öz sözü olan bu şəxsiyyətlər həm də dövrün məzmunu içərisindədir. Çünki, bu cür əsərlərdə şair və istimai mühit, şair və xalq, sənətkar və zaman, dövr problemləri istimai mahiyyət daşımır, mövzunun süjet xəttinin əsasını təşkil etmişdir. Ədəbi şəxsiyyətlərin hər birini bizimlə uzaq və ya yaxın zaman ayırır. Zaman uzaqlığındakı tarixi həqiqətləri öyrənib olduğu kimi qələmə almaq yazıçı və şairlərin deyil, tarixçilərin işidir. Yazıçıların vəzifəsi tarixi həqiqəti bədii həqiqətə çevirmək, real faktlara söykənərək təxəyyülünün məhsulu kimi təqdim etməkdir.
     Hüseyn Cavid (“Xəyyam”) Xəyyamı sırf tarixi şəxsiyyət kimi təqdim etməmiş, ona “bədii don geydirmiş”, istimai-siyasi hadisələrin fonunda onu yaşadığı dövrün səciyyəvi cəhətlərini səhnəyə gətirmişdir. Onun həyatında öz dövrünün hadisə və faktları yaşayır. Ümumaiyyətlə, “Cavidin qəhrəmanları qüvvətli və nəhəng şəxsiyyətlərdir” (2,s.50). Xəyyam dramı haqqında öz mülahizələrini bildirən ədəbiyyatşünas Məmməd Cəfər, Hüseyn Cavid dramlarının sənətkarlıq xüsusiyyətlərinə münasibət bildirərək yazırdı: “Cavidin dramlarının çoxu xarakterlər dramı olmaqla, eyni dərəcədə ehtiraslar dramı şəklində yaradılmışdır. Bu əsərlərdə üz-üzə gələn, çarpışan qüvvələr müsbət-mənfi xarakterlər, müsbət-mənfi ehtiraslardır” (3, s.214-215).
     Hüseyn Cavid “Xəyyam” əsərini özünün arzu və istəyinə uyğun şəkildə qələmə almışdır. O, “Xəyyam”dakı tarixiliyi təkcə müasirliklə müqayisə etmir, həm də həyatın problemlərinə diqqət yönəltmək istəmişdir. Adi insanı- Ömər Xəyyamı zəmanəsinin qərəmanına çevirir, sevgi səmalarına ucaldır, çalışdırır, vuruşdurur, xəyalların qanadında yaşadır. Hüseyn Cavid “Xəyyam”da öz fikir və ideyalarını təqdim edir:

     Şairmi? Saqın, duyduğum ilhamə uyan yox,
     Şeirmdəki əsrarı duyan yox.
     … Həp varlığa üsyan edirəm mən.
     Üsyan!... Ölü adət və təriqətlərə üsyan!
     Yıldızlı həqiqətlərə üsyan! (4,s. 223)

- deyərək Xəyyamı özününküləşdirir, ruhu ilə Xəyyam arasında yaxınlıq görür. Hüseyn Cavid əsərin sonunda, sanki uzaq tarixi keçmişimizdən XX əsrin repressiya illərinə üz tutur, Xəyyamın dili ilə müasirlərinə müraciət edir:

     Dinləyin, bir də bulunmaz Xəyyam,
     İştə məndən gələcək nəslə pəyam:
     ….Geri dönməz bu şətarətli zaman,
     Qıyaraq bir gün əcəl verməz aman.
     Bir nəfyəsdir bu, sürəksizcə həyat,
     Bir nəfəs… Getdimi, gəlməz, heyhat!.. (4,s.341)

     Bu misralarda həyat sevgisini tərənnüm edən Hüseyn Cavidin ruhu çırpınır. Bu, həm də Xəyyamın ruhudur. Cavid-Xəyyam ruhu. Hüseyn Cavidin hissləri, duyğuları ilə Xəyyam duyğularının birliyindən yaranan “Xəyyam” əsəri uzun illərin, əsrlərin arxasından bu günümüzə çağırışdır - şair Hüseyn Cavid ömrünün avtobioqrafik duyğularının çağırışı.
     Xəyyamla bərabər, Məhsəti, Xaqani, Nizami də öz zamanlarının, dövrlərinin məzmunu daxilində yaşayırlar. Onlar öz dövrlərinin yüksək ideallarını ifadə edirlər. Dövr onların şəxsiyyətlərinin simasında daha aydın görünür.
     “Fəryad” (Bəxtiyar Vahabzadə) və “Nəsimi” (Əkbər Məftun) mənzum dramları obrazlarla, dövrlə bağlı olan problemlər içərisindədir. Maraqlıdır ki, ayrı-ayrı illərdə yazılan bu əsərlərdə hər iki müəllif Nəsiminin yalnız Hələbdə yaşadığı dövrü qələmə almışlar. Yəqin ki, hər iki müəllifin bu müraciəti Nəsimi ölümünün “həqiqətlər və əfsanələr” dövrünə münasibətdən irəli gəlmişdir. Hər iki müəllifin qəhrəmanı və səhnəyə gətirdiyi dövr eyni olsa da, yanaşma tərzi başqadır. Hər iki mövzu tarixi hadisələrin xarakterinə görə dolğundur. Hadisələr ictimai-siyasi məzmun daşıyır. Qəhrəmanın həyatı ilə bağlı olan məzmunla dövrün daxili səciyyələrini əks etdirən süjet arasında yaxınlıq vardır. “Fəryad”da da, “Nəsimi”də də ağılla-hissin, idrakla-ehtirasın mübarizəsi üz-üzə qoyulur.
     Ədəbiyyat tariximizə qəlb şairi kimi daxil olan Məhəmməd Füzuliyə həsr edilmiş “Karvan gedir” (Atif Zeynallı) əsəri şairin həyatının qısa bir dövrünü əhatə edir. Lakin bu kiçik zaman kəsiyi içərisində dövrün ictimai-siyasi mənzərələrinə dair hadisələrin əhatə dairəsi qənaətbəxşdir. Bu hadisələr içərisində Füzulinin düşüncələrini, şair qəlbinin incə döyüntülərini, zəmanəyə qarşı barışmazlığını aydın görmək olur. Şair zəmanənin ağır məngənəsində sıxılır, lakin bədbinləşmir, dözür və müdarizə aparır. Sevir, lakin bu sevgini yadlardan, yad baxışlardan qorumağa gücü çatmır. Nicatı yolunu sevgilisini karvanla vətəninə yola salmaqda görür. Karvanın gözdən itsə də, ayaq səslərini ruhunun gözüylə görür, duyur, hiss edir. Füzuliyə görə eşq insan qəlbinin ən ali keyfiyyətidir və ölməzdir. Bu keyfiyyət Fyzulidən sonrakı dövrlərdə də bir sıra şairləri ona yaxınlaşdırır. Bakıxanovun lirik şeirlərində də eşq tərənnüm olunur. Yaxud, zəngin şifahi xalq yaradıcılığından qaynaqlanan Q.Zakir bir tərəfdən M.P.Vaqifə yaxınlaşırsa, cəmiyyətdən narazılıq, həyatın başına gətirdiyi sitəmlərdən şikayətə və insani hiss və duyğuların tərənnümünə görə Füzuliyə yaxınlaşır. Bütün bunlar orta əsrlər dövrünün tarixi hadisələri ilə ədəbi şəxsiyyətlərin bağlılıqlarını əks etdirmək baxımından ciddi məsələlərdir.
     1937-ci ildə qələmə alınan “Vaqif” dramının səhnəyə gəlişi repressiya illərinin ən qaynar qanlı-qadalı günlərinə təsadüf edir. Xalqımızın neçə-neçə alim, yazıçı və şairlərinin repressiya qurbanlarına çevrildiyi bir vaxtda S.Vurğunun belə bir mövzuya müraciət etməsi böyük cəsarət tələb edirdi. Əsər sovet ideolgiyasının təsiri altında yazılsa da, hadisələrin gedişində müəllif sətiraltı mənalarla öz sözünü deməyə çalışmışdır. “Xurşidbanu Natəvan” əsərində isə çarizmin bütün Qafqaza hakim olduğu, xanların və bəylərin çar məmurları tərəfindən təqib edilməsi və tabe olunmayanlara divan tutulması dövrü kimi səciyyələndirilir.
     Hər iki əsərdə zaman dəyişikliyi olsa da məkan birdir. İstər S.Vurğun, istərsə də İ.Əfəndiyev xalqın mübarizə ruhunu önə çəkir, qəhrəmanlıq ruhunu xalq nümayəndələrinin simasında əks etdirir. Vaqif xalq tərəfdarı olmaqla bərabər dövlət xadimidir. Xarakterində bir ciddilik, əyilməzlik cizgiləri var. Xurşidbanu isə hökmdar olsa da, qadındır. Xalqının xoşbəxt gələcəyi naminə vorontsovlara qarşı gedə bilmir, Xasay bəylə evlənir. “Vaqif”də İbrahim xan “çarıqlı-patavalı kəndlilər”in saraya gəlişinə nə dərəcədə etiraz edirsə, Şuşa zadəganları da, Şuşada bir kişi tapılmadımı Xurşidbanu bir sünnüyə ərə getdi –deyə bu izdivaca qarşı çıxırlar. Xurşidbanu Seyid Hüseynlə evləndiikdə, yenə də, - əsli,nəsəbi bilinməyən bir gədəyə ərə getdi- deyirlər. Bütün bu haqsızlıqlara dözməyən Xurşidbanu əsərin sonunda torpaqları xalqa paylayır, kəndliləri azad edir. Xoşbəxt gələcəyə inam, xalq birliyinin, insanlığın hər şeyə qadir olacağı ideyası hər iki əsərin ana xəttini təşkil edir.
     Ə.Haqverdiyevin “Xəyalat”, istərsə də S.S.Axundovun “Molla Nəsrəddin Bakıda” əsərlərində ideya yaxınlığı vardır. “Xəyalat”dakı M.Fətəli ilə Molla Nəsrəddinin düşüncələri nə qədər yaxındırsa, “Sabir”lə “Qəmküsar” obrazlarının dövrə münasibətində də bir o qədər yaxınlıq vardır. Sabirin və Qəmküsarın ədəbi düşüncələri özünü Molla Nəsrəddində təcəssüm etdirir. İdeya və dil-üslub yaxınlığı onları bir-birinə qırılmaz tellərlə bağlayır.
     S.S.Axundov pyesdə “Molla Nəsrəddin” jurnalının ideya istiqamətini düzgün tuta bilmiş, surətlərin dilinin jurnalın dilinə uyğunluğunu qoruyub saxlamağa çalışmışdır. Bu mövzuya müraciət həm də “Molla Nəsrəddin” jurnalına və onun yaradıcılarına müəllifin ehtiramı idi. Çünki, zamanında Yaxın Şərq və Orta Asiyada tanınan və rəğbət bəslənən “Molla Nəsrəddin” jurnalı həyat həqiqətlərini açıb göstərən cəsarətli bir ədəbi mənbə idi.
     Akademik İsa Həbibbəyli haqlı olaraq yazır: «Nəhayət, etiraf etmək lazımdır ki, Cəlil Məmmədquluzadənin bənzərsiz bədii əsərləri də həm «Molla Nəsrəddin» dövrü Azərbaycan ədəbiyyatı, həm də ümumən ədəbiyyatımız üçün örnək sayılmağa tam layiq olan dəyərli ədəbi nümunələrdir». (2,s.639-640)
     Xəyyamdan üzü bəri bütün obrazların dövrü, həyatı ilə bağlı hadisələrin daxilində xalq idrakı, xalq mənəviyyatı, həyat və məişət tərzi dayanıb.
     Ümumiyyətlə tarixi dramlarda ədəbi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin bədii inikası istər mövzu seçimi, tarixilik, muasirlik və sənətkarlıq məsələləri dramaturgiyanın aktual mövqeyindən irəli gəlirdi.

Ədəbiyyat:

     1. Kamran Əliyev.Cavid möcüzəsi. Bakı: Nurlan, 2002.
     2. İsa Həbibbəyli. Ədəbi-tarixi yaddaş və müasirlik, Bakı: Nurlan, 2007.
     3. Məmməd Cəfər. Seçilmiş əsərləri, II cild. Bakı: Azərnəşr, 1974.
     4. Hüseyn Cavid. Seçilmiş əsərləri III cild, Bakı: Azərnəşr, 1971.

Summary
Ortistic ability features in the formation of literary person imaqes at historical dramas.
H.Eyvazov


     En the article the imaqes of literary person And theme selektion was analysed from historical And modernity point of view. Comparative attitude to artistic ability was notified.

Резюме
Г.Эйвазов


     В статье разобраны с точки зрения современности художественный образ, выров темы и историчност литературных личностей. Указано сравнительное отношение к вопросам художественного мастерства.



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az