Lit.azLit.azLit.az

Z.Ə.Şahverdiyev

XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı ®

21.07.2009. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © tarix elmləri namizədi, dosent Z.Ə.Şahverdiyev, Naxçıvan Müəllimlər İnstitutu

     Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. Bu mədəniyyətin təşəkkülündə Azərbaycanın bütün bölgələrinin, o cümlədən Naxçıvanın əvəzedilməz rolu var idi. Uzun və şərəfli tarixi inkişaf yolu keçən Azərbaycan mədəniyyəti XIX əsrin əvvəllərində mürəkkəb tarixi reallıqla üzləşdi. Azərbaycan torpaqları 1828-ci il Türkmənçay müqaviləsi nəticəsində Rusiya ilə İran arasında bölüşdürüldü. Şimali Azərbaycan Rusiyanın, cənubi Azərbaycan İranın tərkibinə qatıldı.
     Rusiya imperiyasının Şimali Azərbaycanda müstəmləkəçilik siyasəti xalqın həyatının bütün sahələrində, xüsusilə mədəniyyət sahəsində özünü daha ağır şəkildə göstərdi.
     Çar hökuməti Cənubi Qafqazın xristian bölgələrindən fərqli olaraq müsəlmanlar içərisində təhsilin inkişafına nəinki yardım edir, hətta onun qarşısını alırdı. Şimali Azərbaycanda, tarixən ənənəvi təhsil müəssisələri olan məktəb və mədrəsələrin fəaliyyətinin öyrənilməsi, onların əsasında təhsilin inkişaf etdirilməsi əvəzinə müstəmləkiçilik məqsədlərinə xidmət edən təhsil sistemi yaradılmasına cəhd edilirdi. Məhz bunun nəticəsi idi ki, XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanda, həmçinin Naxçıvan bölgəsində mürəkkəb struktura malik təhsil şəbəkəsi meydana gəlmişdi.
     Çar Rusiyası Şimali Azərbaycanın işğalından sonra burada ilk dövlət məktəbləri açmağa başladı. Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin tədqiqatçısı H.Əhmədovun yazdığı kimi XIX əsrin 20-ci illərində Zaqafqaziyada, o cümlədən Azərbaycanda Avropa Rusiyasındakı məhəllə məktəbləri tipində qəza məktəbi adı ilə tədris müəssisəsi açmağın ilk layihəsi meydana gəldi. Mərkəzi hökumət 1829-cu il avqustun 2-də Zaqafqaziya məktəblərinin ilk nizamnaməsini təsdiq etdi.1 Həmin nizamnaməyə görə Zaqafqaziyada açılması nəzərdə tutulan 20 qəza məktəbindən do-qquzu (Gəncə, Şuşa, Nuxa, Şamaxı, Quba, Bakı, Naxçıvan, Ordubad, Qazax) Azərbaycanda açılmalı idi. Göründüyü kimi ilk məktəb nizamnaməsi Naxçıvan və Ordubadda da qəza məktəbi açılmasını nəzərdə tuturdu. Lakin ilk vaxtlar onlardan yalnız dördü – Şuşa (1830), Nuxa (1831), Bakı (1832) və Gəncə (1833) qəza məktəbləri açıldı. H. Əhmədov digər məktəblərin açılmamasının səbəbləri üzərində xüsusi dayanaraq yazmışdır: «Əhalinin maddi yardımına baxmayaraq, nizamnamədə nəzərdə tutulan digər qəza məktəblərinin təsisi isə bir sıra subyektiv səbəblərə görə təxirə salındı. Rusiya XMN ilə Zaqafqaziya məktəblər direktoru arasında gedən bir çox yazışmalardan bu məktəblərin təxirə salınmasının bəzi səbəblərini aydınlaşdır-maq olur. Arxiv sənədlərində Ordubadda qəza məktəbi açılmasının təxirə salınması-nın bir səbəbi «orada sakin olanların kifayət qədər olmaması»… ilə izah olunur. Zaqafqaziyanın baş hakimi baron Rozen mərkəzi hökumətə raportlarından birində yazırdı: «Ordubad şəhərinin əhalisi az olduğundan hal-hazırda orada məktəb açmaq heç bir mənfəət verməz…» Naxçıvanda məktəb açılmaması isə «yerli sakinlərdən müəllimlik vəzifəsinə qabilliyətli olan adamın olmaması» ilə izah edilirdi. Təbii ki, bunlar yalnız bəhanə idi. Təsadüfi deyil ki, cəmi bir neçə il sonra, 1835-ci ildə yeni məktəb nizamnaməsi qəbul edilmiş, 1837-ci ildə isə Şamaxı ilə birlikdə Naxçıvanda da qəza məktəbi təsis edilmişdi. Bu məktəbə ilk vaxtlar iyirmiyə qədər uşaq cəlb edilmişdi. O, Ehsan xanın oğlanlarının evində yerləşirdi. Həmin bina 12 il müddətinə məktəbə pulsuz verilmişdi.2 Burada H.Əhmədovun bir qeydi də maraq doğurur. O yazır ki, «general-mayor Ehsan xanın ölümündən sonra iki oğlu qalmışdı. Kapitan İsmayıl və proporşik Kəlbəli xan hər il Naxçıvan qəza məktəbinin nəfinə gümüş pul ilə 200 man. ianə verirdilər.3 Ordubadda açılması nəzərdə tutulan qəza məktəbi əvəzinə isə 1853-cü il məktəb nizamnaməsinə uyğun olaraq 1854-cü il noyabrın 24-də ibtidai məktəb açıldı.4 Bu məktəb Ordubadın mədəni həyatında mühüm yer tu-turdu. S.P.Zelinskinin məlumatına görə burada 1856-cı ildə 16 azərbaycanlı təhsil alırdı. 1857-ci ildə onların sayı 17, 1858-ci ildə 24, 1859-cu ildə 27, 1860-cı ildə 32, 1861-ci ildə 19, 1862-ci ildə 14, 1863 və 1864-cü illədə 6, 1865-ci ildə 24, 1867-ci 17, 1868-ci ildə 4, 1869-cu ildə 16, 1870 və 1871-ci illərdə 13, 1872-ci ildə 17 və 1873-cü ildə 18 nəfər olmuşdu [5].
     Ə.Fərəcov Ordubad (tarixi-iqtisadi oçerk) kitabında qeyd edir ki, 1873-cü ildə Naxçıvan və Ordubad mahallarının məktəblərində 1367 şagird oxuyurdu ki, onlardan 698 nəfəri azərbaycanlı idi.6
     Ordubad ibtidai məktəbi sonralar ikisinifli (1897), üçsinifli (1902) olmuş, nəhayət dördsinifli ali ibtidai məktəbə çevrilmişdir. Tədricən məktəbdə azərbaycanlıların sayı artmışdır. 1914-cü ildə məktəbdə 181 nəfər təhsil alırdı ki, onlardan 144 nəfəri azərbaycanlı idi [7].
     XIX əsrin 60-70-ci illərində həyata keçirilən islahatlar təhsildən də yan keçmədi. Təhsil sistemində yeni tipli məktəblər yarandı. 1879-cu ildə Naxçıvan qəza məktəbi şəhər məktəbinə çevrildi [8].
     İbtidai kənd məktəbləri (xalq məktəbləri də adlandırılırdı) şəbəkəsi də genişlənməyə başladı. 1904-cü ilin məlumatına görə Naxçıvan qəzasında 29 ibtidai xalq məktəbi fəaliyyət göstərirdi ki, onların əksəriyyəti 26 kəndlərdə idi [9]. XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanın təhsil sistemində qızların təhsilinin təşkili də nəzərdən keçirilməlidir. Rusiya işğalınadək Azərbaycanda qızlar əsasən, evlərdə təhsil alırdılar. Rusiya işğalından sonra qızlar üçün də məktəblər açılması zərurəti yarandı. Şimali Azərbaycanda ilk qız məktəbi «Müqəddəs Nina» qadın xeyriyyə cəmiyyəti tərəfindən 1848-ci il aprelin 30-da Şamaxıda açılmış, 1859-cu il zəlzələsindən müəyyən müddət sonra Bakıya köçürülmüşdü [10].
     Bütövlükdə Şimali Azərbaycanda olduğu kimi Naxçıvan bölgəsinin təhsil tarixində yeni üsulla fəaliyyət göstərən anadili məktəblərinin açılması xüsusi qeyd edilməlidir. Naxçıvan bölgəsində bu işin həyata keçirilməsində Məhəmməd Tağı Səfərovun (Sidqi) böyük xidməti olmuşdur. Sidqi 1892-ci ildə Ordubad şəhərində belə bir məktəb açmış və ona «Əxtər» (Ulduz) adı vermişdir. «Əxtər» məktəbi təhsilin təşkilinə görə qısa bir müddət ərzində xeyli şöhrət qazanmışdır. Təsadüfi deyil ki, «Əxtər»in fəaliyyəti quberniyasının 1892-ci il icmalında da əksini tapmışdır. İcmalda deyilirdi ki, ucqar qəzalardan biri olan Ordubadda «Əxtər» adında yeni bir müsəlman məktəbi açılmışdır. Məktəbi Mirzə Tağı adlı bir şəxs təsis etmişdir. Yerli əhali məktəbə o qədər rəğbət bəsləyir ki, onlar öz uşaqlarını dini məktəbləridən çəkindirib «Əxtər»ə qoyurlar [11]. O zaman üçün bu çox mühüm bir etiraf idi. Sidqi belə bir məkəbin açılması üçün 1894-cü ildə Naxçıvan şəhərinə dəvət edildi. «Əxtər» bundan sonra daha 2 il fəaliyyət göstərdi. 1896-cı ildə rus-Azərbaycan məktəbinə çevrildi [12]. Sidqi Naxçıvan şəhərinə gəldikldən sonra burada da «Əxtər» kimi bir məktəb açmışdır. Yeni məktəb «Məktəbi tərbiyyə» adlandırılmışdır. Bu məktəbin şagirdlərinin sayı birinci ildə yüzə çatırdı [13].
     İstər «Əxtər», istərsə də «Məktəbi-tərbiyyə» tədrisin təşkilindəki yenilikləri ilə diqqəti cəlb edirdi. «Məktəbi-tərbiyyə» elə bir simaya malik idi ki, C.Məmmədquluzadə həyatının müəyyən hadisələrini onunla tutuşdurur. O, tərcümeyi-halında yazır: «Danabaş kəndində müəllim olduğum vaxtlar Naxçıvanda doxsan dörd və doxsan beşinci ildə böyük türk məktəbi açıldığına təsadüf edir. Bu həmin məktəbi idarə etməyə doxsan dördüncü ildə Ordubadan məşhur müdərris və şairimiz Məşədi Tağı Sidqi dəvət olunur. Həmin təzə türk məktəbi savayı ondan ki, nə qədər türk balalarının təzə üsulda savad və bilik əxz etmələrinə səbəb olur, həmin məktəb biz yeniyetmə müəllim və ədiblər üçündə bir darülürfan hesab olunur» [14]. Sidqinin məktəbi Azərbaycanın digər yerlərində də yeni üsullu məktəblər açılmasına müsbət təsir göstərdi.
     Bu dövrdə Naxçıvanda qadın təhsilinin təşkilinə də diqqət yönəlmişdi. M.T.Sidqi 1890-cı illərdə Naxçıvanda xüsusi qız məktəbi açmağa nail olmuşdu [15]. Qızların təhsilə cəlb edilməsinin digər bir yolu mövcud olan məktəblərə onların cəlb edilməsi sahəsində çalışmalar idi. H.Əhmədov bu sahədə görülən işlərdən bəhs edərkən 1890-1897-ci illərdə Nehrəm kəndindəki iki sinifli məktəbin müdiri vəzifəsində işləyən C.Məmmədquluzadənin fəaliyyəti üzərində xüsusi dayanır. Arxiv sənədləri əsasında araşdırılan həmin məsələnin Naxçıvan bölgəsində təhsilin tarixinin öyrənilməsi üçün əhəmiyyətini nəzərə alaraq, həmin hissəni burada verməyi zəruri hesab etdik. H.Əhmədov yamışdır: «Dini fanatizmin möhkəm kök saldığı kəndlərdən biri olan Nehrəmdə qızların məktəbə, həm də oğlanlarla birlikdə rus dilində təhsilə cəlb edilməsi çox mühüm hadisə olub, yalnız C.Məmmədquluzadənin səy və ciddi cəhdinin nəticəsi idi. Nehrəm məktəbinə 8 qız cəlb edilmişdi. C.Məmmədquluzadə 1893-cü il yanvarın 18-də İrəvan-Gəncə quberniyaları və Kars vilayəti xalq məktəblər direktoruna göndərdiyi 10 ¹li raportunda yazırdı: «Zati alilərinə bunu hörmətlə bildirməyi özümə şərəf hesab edirəm ki, mənə tapşırılmış məktəbə bu il yanvarın 15-nə qədər oxumaq üçün 8 azərbaycanlı qız daxil olmuşdur». C.Məmmədquluzadə qızların adlarını da qeyd edirdi… C.Məmmədquluzadə həmin raportun sonunda yazırdı: «Bununla birlikdə, acizanə surətdə əlavə edib bildirirəm ki, həmin qızlardan xüsusi hazırlıq sinfi təşkil etdim və bu siniflə, mən özüm dərs keçirəm» [16].
     Beləliklə, XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində bəzi istisnalarla (orta məktəblər və b. olmaması) bütün Şimali Azərbaycan üçün xarakterik olan məktəb şəbəkəsi yaranmışdı. Bir arxiv materialına görə 1913-cü ildə Naxçıvan bölgəsində aşağıdakı məktəblər var idi: Naxçıvan (3 sinifli) və Ordubad şəhər məktəbləri, Naxçıvan şəhərində rus-Azərbaycan kişi və qadın (hər biri iki sinifli) məktəb; məktəb yanında kişi rus-Azərbaycan məktəbi; dəmir yol məktəbi; Naxçıvan qəzasıda Qulubəy dizə, Mahmudax, Biləv, Qazançə-Milax, Yaycı, vənənd, Quzlu, Qaraçux, Nəzərabad, Qahab, Yamxana, Əbrəqunis, Cəhri, Yarımca, Nehrəm, Şahtaxtı, Digin-Almalı, Aznabürd, Gemur, Karmalinovka, Bist, Alagöz-Məzri, Əliabad, Hicazur, Kültəpə, Nor, Sis, Cəhri (qadın) kənd məktəblər; Şərurda Baş Noraşen, Ələkli, Yengicə, Dərvişlər, Ulya Noraşen, Tumaslı, Saraclı kənd məktəbləri [17].
     Naxçıvan bölgəsində yeni yaranan təhsil müəssisələri ilə birgə ənənəvi məktəb və mədrəsələr də fəaliyyətini davam etdirirdi [18].
     Naxçıvan bölgəsinin ziyalı və pedaqoqları Azərbaycanın pedaqoji fikir tarixinə də mühüm töhfələr vermişdi. Onların içərisində M.T.Sidqi xüsusilə fərqlənir. Azərbaycanın məktəb və pedaqoji fikir tarixinin tədqiqatçısının yazdığı kimi «M.T.Sidqi yeganə Azərbaycan pedaqoqudur ki, onun «Seçilmiş pedaqoji əsərləri» (Sidqi M.T. Seçilmiş pedaqoji əsərləri. Bakı, 1967. – Z.Ş.) çap edilərək oxuculara çatdırılmışdır. Onun əsərlərindəki bir sıra müddəalar dövründə böyük əhəmiyyət kəsb etdiyi kimi bəziləri bu gün də öz təravətini saxlayır» [19].
     Naxçıvan bölgəsi, xüsusilə Naxçıvan şəhəri Azərbaycanda elmin inkişafına da mühüm töhfələr vermişdir [20] Lakin XIX-XX əsrin əvvəllərində çarizmin həyata keçirdiyi müstəmləkəçilik siyasəti təhsilin inkişaf səviyyəsini aşağı salmış, bununla elmi fikrin tərəqqsinə də mane olmuşdu.
     Rusiya imperiyasının müstəmləkəçilik siyasətinin bütün sərtliyinə baxmayaraq, Naxçıvanda ədəbi mühitin formalaşması və inkişafının qarşısını almaq mümkün olmadı. Naxçıvan ədəbi mühiti Azərbaycan mədəniyyəti və ədəbiyyatının böyük hadisəsi oldu. Onun böyük əhəmiyyəti bu hadisənin xüsusi tədqiqat obyekti kimi ayrılmasına səbəb olmuşdur [21].
     XIX əsrin 30-cu illəri Naxçıvan bölgəsində iki ədəbi məclisin yaranması ilə əlamətdar olmuşdur. Naxçıvanda yaranan ədəbi məclis «Qönçeyi-ülfət» adlandırmış-dır. Bu məclis (XIX əsrin 30-40-cı illəri) Naxçıvan hakimi Ehsan xan Kəngərli tərəfindən qızı Qönçəbəyimin şərəfinə təşkil edilmişdir. «Azərbaycanın aşıq və şair qadınları» kitabında (Tərtib edəni Ə.Cəfərzadə) Qönçəbəyim haqqında belə yazılmış-dır: «Qönçəbəyim təxminən 1827-ci ildə Naxçıvanda Ehsan xanın ailəsində anadan olmuşdur. Onun atası rus zabitləri ilə dost olmuş, A.Qriboyedov İrana gedərkən onlarda qonaq qaldığı kimi, gürcü şairi Barataşvili də dönə-dönə Ehsan xanın saray-ına getmiş və burada Qönçəbəyimlə tanış olmuşur. Barataşvilinin yazdığına görə Qönçəbəyim gözəl və istedadlı bir qız imiş. Barataşvili onun şerlərini gürcü əlifbası ilə köçürüb, gürcü dilinə tərcümə edilmək üçün Tiflisə göndərmişdi. O məsləhət görmüşdü ki, həmin şerlər məclislərdə oxumaq üçün xanəndə Səttara və şəkili Cəfərə verilsin.
     Qönçəbəyim 1837-ci ildə Naxçıvanda təşkil edilmiş rus məktəbinə daxil olmuş, doğma ana dilindən başqa, rus və fars dillərini də yaxşı öyrənmiş, şərq ədəbiyyatına xüsusi meyl göstərmişdir.
     Deyilənə görə Qönçəbəyim İbrahim bəy adlı bir zabiti sevmiş, lakin 1844-cü ildə sevmədiyi Şamil xana ərə verilmişdir…» Tərtibçinin fikrincə «sonralar hadisə dillərə düşmüş və «Şahzadə İbrahim» dastanına daxil edilən və «Bəyim» dilindən deyilən şerlərin bir qismi də məhz Qönçəbəyimindir ki, adının bir hissəsi olan «bəyim» kəlməsini təxəllüs kimi işlətmişdir» [22]. Həmin topluda Qönçəbəyimin yaradıcılığına dair iki şeir verilmişdir. Bu şeirlərdə Qönçəbəyimin İbrahimə olan sevgisi vəsf olunub. Şairə yazırdı:

     Bizə səg rəqiblər deyirlər asi,
     Mövlayə bağldıq yəni ixlası,
     Mən Bəyiməm İbrahimin butası
     Gizlin deyil, var, aşkara de, gəlsin [23].

     Qönçəbəyimin yaradıcılığı ilə tanış olan fransız yazıçısı və tənqidçisi Sent-Böv onun haqqında yazmışdır: «Bu qadın təkcə şairə deyildir, onun bütün varlığı poeziyadır».
     Digər poetik məclis - «Əncümənüş şüəra» («Şairlər yığıncağı») Ordubadda fəaliyyət göstərirdi. «Əncümənüş şüəra»nın Azərbaycandakı yeri nəzərə alınaraq «Poetik məclislər» kitabına daxil edilmişdir. Bu kitabda XIX əsr Azərbaycan ədəbiyyatında xüsusi yer tutan «Divani hikmət», «Gülüstan», «Beytüs-səfa», «Məclisi-üns», «Məclisi fəramuşan» kimi tanınmış poetik məclislərlə birgə «Əncümənüş şüəra», onun üzvləri və əsərlərindən nümunələr çap olunmuşdur. «Əncümənüş şüəra» 1838-ci ildə Şıxəli Naib (Şeyxəli xan – Z.Ş.) tərəfindən təşkil edilmişdi. Bu məclisə şair Hacağa Fəqir (M.S.Ordubadinin atası – Z.Ş.), onun ölümündən sonra isə Məmmədtağı Sidqi rəhbərlik etmişdi. Onun səyi nəticəsində bu məclis Ordubadla birlikdə Naxçıvanda da XIX əsrin sonlarınadək mövcud olmuşdu. «Poetik məclislər» toplusunun məlumatına görə «məclisdə Məmmədtağı Sidqi, Ha-cağa Fəqir, Mirzə Ağarəhim Qüdsi (Vənəndi), Möhtərəm Ordubadi, Molla Məhəmməd Ordubadi, Əhməd ağa Şəmi, Usta Zeynal Nəqqaş, Molla Hüseyn Bikəs, Salik Ordubadi, Nadim Naxçıvani, Məşədi Həsən Dəbbağ, Mirzə Mehdi Naxçıvani və b. iştirak etmişlər» [24].
     «Əncümənüş şüəra»nın fəaliyyətində Fəqir Ordubadinin (1836-1885) yaradıcılığı mühüm yer tutur. O, tacir ailəsində anadan olmuş, məktəb yaşına çatdıqdan sonra atası onu Təbriz və Şirazın tanınmış alimlərinin yanında oxutmuşdu. Fəqir Ordubadi təhsildən qayıtdıqdan sonra Ordubadda müəllimlik etmişdir. Əsərlərinə görə təqib edilmiş, bir müddət Türküstanda yaşamalı olmuşdu. Ordubada qayıtdıqdan sonra xırda alver etmişdir. Həyatının son illərində gözləri tutulmuş, şeirlərini Məmmədtağı Sidqiyə və başqalarına diqtə edərək yazdırmışdır. Şairin «Kürdün çul satması» («Fatı və qubernator» da adlanır), «Şikayətnamə», məsnəvilər və «Gülşəni-irfan» adlı kiçik divanı vardır. Azərbaycan və fars dillərində yazmışdır [25]. Fəqir Ordubadinin «Şikayətnamə» əsərində həyatın bir sıra hadisələri, xüsusilə din xadimləri tənqid olunur:

     Çıxıbdı mərsiyəxan minbərə, deyir rövzə,
     İnanmayın, keyfi var, mətləbi qinadəndir.

     Tapıbdı mərsiyəxanın şagirdi xoş təsnif,
     Tutub diringə, qızlar növhə, ney-nəvadəndir [26].

     XIX-XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühitin görkəmli nümayəndəsi M.T.Sidqi idi. N.Cəfərov yazmışdır: «XIX əsrin ortalarından etibarən Naxçıvanda milli maarifçilik dünyagörüşünə əsaslanan məhsuldar bir ədəbi-mədəni mühit formalaşır. Həmin mühitin ilk görkəmli yetirməsi Məhəmməd Tağı Sidqi olmuşdur. M.T.Sidqi … XIX əsrin sonu – XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühitinin müəyyənləşdirilməsində təkraredilməz rol oynamış, bir müəllim, yazıçı və ictimai xadim olaraq doğma diyarda geniş fəaliyyət göstərmişdir. XIX əsrin sonlarında onun Naxçıvanda açdığı «Məktəbi-tərbiyyə»nin onlarla məzunu sonralar dünya şöhrətli ədəbiyyat, mədəniyyət adamları olmuşlar» [27].
     M.T.Sidqinin həyat və fəaliyyəti geniş tədqiq olunmuşdur [28]. O, 1854-cü ildə Ordubad şəhərində anadan olmuş, 1903-cü ildə Naxçıvan şəhərində vəfat etmişdir.
     Sidqinin ədəbi irsinin [29] bir hissəsi onun pedaqoji fəaliyyətilə bağlı olmuşdur. Sidqi «Kəblə Nəsir», «Heykəli-insanə bir nəzər», «Tənviri-əfkar və təhfimi-insaniyyət», «Nümuneyi-əxlaq», «Hikmətli sözlər», «Qızlara hədiyyə», həmçinin Azərbaycan dilində ilk coğrafiya dərsliyinin müəllifidir [30].
     Sidqi Azərbaycan uşaq nəsrinin də görkəmli nümayəndəsidir. Onun bu istiqamətdə yazdığı əsərləri «Məktəb hekayələri» kimi tanınır.
     Sidqi publisistika sahəsində də çalışmışdır. O, «Tərcüman», «Əxtər», «Həblülmətin», «Kaspi» və b. qəzetlərlə əməkdaşlıq etmişdir. O, 1903-cü ildə «Şərqi-rus» qəzetinin nəşri münasibətilə Tiflisə – Məhəmməd ağa Şahtaxtlıya təbrik məktubu yazaraq belə bir inamını bildirmişdi ki, «bu cəridə islamiyyət mətbuatına rövnəq əfza olmaqdan maədə millət balalarının təlim və tərbiyəsinə, vətən əhalisinin tərəqqi və mədəniyyətinə və əfkarımızın vüsətinə, əlhasil müsəlman aləminin hər bir mənfəətinə xidmət edəcəkdir. Həqiqətdə türk əğvali üçün ümumən, Qafqaz müsəlmanları üçün xüsusən, azəri türk dilində bir qəzetənin təsis və intişarı nətayət dərəcədə lazım idi.» [31] Mətbuatın rolunu bu cür yüksək qiymətləndirən Sidqi «Çıraq» adlı bir qəzet açmağa da çalışmışdı.
     Sidqi rus ədəbiyyatına, xüsusilə onun görkəmli nümayəndəsi A.S.Puşkinin yaradıcılığına diqqət yetirmiş, «Məktəbi-tərbiyyə»də onun 100 illik yubileyi təşkil olunmuş, o, burada məruzə ilə çıxış etmişdi.
     Sidqinin ədəbi-pedaqoji fəaliyyəti və yaradıcılığı, digər şərtlərlə birgə XIX əsrin sonları – XX əsrin əvvəllərində Naçıvan ədəbi mühitinin görkəmli nümayəndələrinin yetişməsinə təkan verdi. Aparılan elmi araşdırmalar onların dairəsini müəyyən etməyə imkan vermişdir: Cəlil Məmmədquluzadə (1869-1932), Qurbanəli Şərifzadə (1854-1917), Mirzə Cəlil Şürbi (1874-1915), Eynəli Sultanov (1866-1935), Hüseyn Cavid (1882-1941), Əliqulu Qəmküsar (1880-1919), Məmməd Səid Ordubadi (1872-1950) və b. [32].
     Naxçıvan ədəbi mühitinə dair tədqiqatçılardan biri onun əsas nümayəndələrinin yaradıcılığı əsasında tamamilə doğru bir nəticəyə gəlmişdir: «Naxçıvan mühitinin ye-tirdiyi ədəbi simalar öz dünyagörüşünə, müxtəlif ədəbi məktəblərə mənsub olma-larına görə fərqlənirlər. Cəlil Məmmədquluzadə maarifçi-demokrat, Hüseyn Cavid romantik şair, Məmməd Səid Ordubadi realist nasir olmuşdur. Yəni əslində, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının əsas ideya-estetik istiqamətləri Naxçıvandan çıxmış yazıçıların yaradıcılığında öz parlaq əksini tapmışdır… Bu isə onu göstərir ki, Naxçıvan ədəbi-mədəni mühiti heç zaman özünə qapanıb qalmamış, dünyada baş verən ictimai-siyasi, ideoloji prosesləri, hətta müəyyən mənada, qarşıdurmaları, ziddiyyətləri özündə əks etdirmişdir» [33]
     Azərbaycan mədəniyyət tarixinin ən unudulmaz səhifələrindən biri burada teatrın yaranması ilə bağlıdır. Bu, bir həqiqətdir ki, Azərbaycan professional teatrı təsdüfən meydana gəlməmiş, onun əsaslı tarixi kökləri olmuşdur. Burada Azərbaycan xalq teatrı mühüm rola malik olmuşdur. Azərbaycan xalq teatrının tədqiqatçısının yazdığı kimi «Azərbaycan xalq teatrının obrazlı ifadə tərzi, şərtilik, xəlqilik, aktuallıq keyfiyyətləri, müsbət qəhrəman ənənələri, professional teatrın yaranması üçün bir zəmin olmuşdur. Bu mənada xalq teatrı və dramaturgiyası həmişə ilk mənbə olmuş, tarix boyu görkəmli sənətkarların diqqətini cəlb etmişdir. Azərbaycan professional teatr və dramaturgiyası xalq teatrından geniş istifadə etmişdir» [34].
     Azərbaycan xalq teatrı ilə birgə, professional teatr ənənələri də milli teatrın yaranmasına həlledici təsir göstərmişdir. Məhz bunun nəticəsində 1873-cü ilin martında Azərbaycan professional teatrı həyata qədəm qoymuşdur. Bu hadisə Azərbaycanla birgə Şərq aləmindədə böyük dönüş yaratmışdır. Görkəmli teatrşünas C.Cəfərov yazmışdır: «Hər şeydən əvvəl nəzəri cəlb edən burasıdır ki, Azərbaycanda əvvəlcə dramaturgiya, bir müddət sonra isə teatrın yaranması Azərbaycan milli mədəniyyəti üçün mühüm tarixi hadisə olmaqla bərabər, Yaxın Şərqdə, bəlkə də daha geniş - müsəlman Şərqində qüvvətli bir əks-səda doğurmuşdur. Hər yerdə bu hadisəni çox mühüm başlanğıc hesab etmiş, onu izləməyə, davam etdirməyə, ondan ictimai inkişafı sürətləndirmək üçün istifadə etməyə çalışmışlar. Azərbaycan teatrı bir çox Şərq ölkələrində xüsusən türk dilli xalqlar içərisində milli teatr hərəkatının doğuluşu və inkişafı üçün bir təkan, bir nümunə rolunu oynamışdır» [35].
     Bakıda ilk teatr tamaşasından sonra Azərbaycanın əyalətlərində də teatr tama-şaları təşkilinə maraq artdı [36]. Naxçıvan onların sırasında əsas yer tuturdu. Naxçıvanda təhsil, ədəbi-bədii yaradıcılığa geniş maraq, mədəni tərəqqiyə artan tələb burada teatr hərəkatının meydana gəlməsinə səbəb oldu. Azərbaycanda teatrın fəaliyyətə başlamasından on il sonra Naxçıvanda da teatr həyata qədəm qoyu. Sözün əsil mənasında Naxçıvan teatr tarixinin salnaməsini yaratmış Ə.Qəhrəmanov yazmışdır: «Faktlardan aydın görünür ki, Naxçıvanda milli dünyəvi teatr yaratmaq uğrunda «Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti» üzvləri səylər göstərsələr də buna yalnız 1883-cü il may ayının 15-də nail olmuşlar. Hacı Nəcəf Zeynalovun evində göstərilən Mirzə Fətəli Axundovun «Müsyö-Jordan və Dərviş Məstəli şah» komediyası ilə Naxçıvan teatrı təvəllüdə başlayır» [37]. Müəllif qeyd edir ki, E.Sultanov və Cəlil Məmmədquluzadə Naxçıvan teatrının yaranmasında əsas simalar olmuşlar. E.Sultanov və C.Məmməquluzadə ilə yanaşı Əliməmməd Xəlilov (1862-1896), Mirzə Sadıq Qulubəyov (1823-?), Fəcəculla Şeyxov, Nəsrula Şeyxov (1863-1921), Məhəmməd Tağı Sidqi (1854-1903), Mirzə Cəlil Mirzəyev (Şürbi) (1874-1915), Mirzə Əhməd Musa oğlu Hüseynov, Ələkbər Məmmədhüseyn Xəlilov və başqaları Naxçıvan teatrının yaranmasında fəallıq göstərirlər. Bunlarla yanaşı Qurbanəli Şərifzadə (1854-1914), Sadiq Mirzə Xəlilov (1864-1905), Cümşüd-Paşa Sultanov (1849-1902), Mirzə Əliqulu Novruzov, Məmmədqulu bəy Kəngərli (1854-1905), Bəhram xan, Kiçik xan, Böyük xan Naxçıvanskilər və digərləri də Naxçıvan teatr hərəkatında yaxından iştirak etmişlər [38].
     Naxçıvanda 1883-cü ilin mayından başlanan teatr hərəkatı bütün çətinliklərə baxmayaraq, dayanmır, yeni vüsətlə davam edir. 1884-cü ildə E.Sultanovun «Tarka» və rus dramaturqu N.Y.Solovyovin «İşin başlanğıcında» pyesləri rus dilində tamaşaya qoyulur.
     Buna baxmayaraq M.F.Axundovun pyesləri XX əsrin əvvəllərinədək teatr tama-şalarında üstün mövqeyini saxlayır. İ.Rəhimli yazır: 1887-ci il sentyabr 2-də Mirzə Sadıq Qulubəyovun rəhbərliyi ilə Mirzə Fətəli Axundzadənin «Molla İbrahimxəlil kimyagər» məsxərəsi oynanılıb. Hacı Nəcəf Zeynalovun evində göstərilən tamaşanı Cəlil Məmmədquluzadə və Əliməmməd Xəlilov hazırlayıblar. Əsas rolları Cəlil Məmmədquluzadə (Molla İbrahimxəlil), Ələkbər Süleymanov (Şeyx Salah), Məmətağı Səfərəlibəyov (Molla Həmid) ifa edirlər. Bu tamaşadan sonra şəhərdə teatr həvəskarları nisbətən fəallaşıblar. İl ərzində bir neçə tamaşa oynanılıb. Novruz və Orucluq bayramlarında göstərilən tamaşalar daha təmtaraqlı keçib. Yay tətillərində başqa şəhərlərdə oxuyan tələbələr tətilə gələndə tamaşa və konsertlərin götərilməsi prosesi daha da canlanıb». Bununla birlikdə digər müəlliflərin əsərləri də tamaşaya qoyulur. C.Məmədquluzadənin yaradıcılığına müraciət edilməsi də mühüm hadisə idi. Onun «Çay dəstgahı» rənzum dram əsəri 1889-cu ildə müəllim işlədiyi Baş Noraşen (hazırda Cəlilkənd) kənd məktəbində, 1890-cı ildə isə Naxçıvanda tamaşaya qoyuldu. 1898-ci ildən başlayaraq N.B.Vəzirovun yaradıcılığına müraciət edilir. 1907-ci ildə N.B.Vəzirovun «Müsibəti-Fəxrəddin» əsəri tamaşaya qoyulmuşdu. Elə həmin il Ə.Haqverdiyevin «Bəxtsiz cavan» əsəri səhnələşdirilmişdi. 1917-ci ildə C.Məmmədquluzadənin «Ölülər» pyesinin tamaşaya qoyulması Naxçıvan teatrında böyük hadisə olmuşdu [39].
     Naxçıvan şəhəri ilə birgə Ordubad və Culfada da teatr tamaşaları göstərilirdi.
     Naxçıvanda teatr işi özünə yer tutduqca teatrla bağlı sənət sahələri, bina və s. məsələlər də həllini tələb edirdi. Ə.Qəhrəmanov yazır ki, 1904-cü ildən 1910-cu ilə kimi Naxçıvan teatrında rejissorluq vəzifəsini istedadlı artist kimi şöhrət tapmış Böyükxan Naxçıvanlı ifa etməyə başlayır. Bu görkəmli sənətkarın Naxçıvan teatrının inkişafında böyük xidmətləri olmuşdur [40]. Bəhruz Kəngərli 1912-ci ildən etibarən Naxçıvanda göstərilən tamaşalarda tərtibatçı-rəssam kimi fəaliyyət göstərir [41].
     Naxçıvandakı teatr hərəkatı təcrid olunmuş halda qalmamış, Bakı, Tiflis, İrəvanla qarşılıqlı teatr əlaqələri saxlamışdır [42].
     Bütün bunların nəticəsi idi ki, C.Cəfərov Naxçıvan teatrına yüksək qiymət verərək yazmışdır: «Azərbaycan teatr hərəkatının başlanğıcı Naxçıvanla bilavasitə əlaqədardır… Naxçıvan teatrı başqa teatr mərkəzlərinə nisbətən milli teatr hərəkatında daha güclü mövqe tutmuş və Azərbaycanda teatr sənətinin inkişafına səmərəli təsir göstərmişdir… Naxçıvan teatrının mühüm rol oynaması onun müstəqil mövqeyə malik olduğunu da aydın sübut edir» [43].
     Naxçıvanın Azərbaycanda rəssamlığın inkişafında xüsusi rolu olmuşdur. Onun əsas nümayəndələrindən biri Bəhruz Kəngərli cəmi otuz il (1892-1922) ömür sürməsinə baxmayaraq 2000-ə yaxın müxtəlif səciyyəli əsər yaratmışdır. Bu əsərlərin böyük bir qismi rəssamın həyatının 1918-ci ilə qədər olan dövrünə aiddir [44] B.Kəngərlinin həyat və yaradıcılığının tədqiqatçısı K.Kərimov yazır ki, «…Kəngərlinin öz əsərlərini – onların tarixi, teması və üslub xüsusiyyətlərini diqqətlə nəzərdən keçirdikdən sonra, məntiqi olaraq blelə bir nəticə çıxarmaq olar ki,o 1912-ci ildə deyil, 1910-cu ildə Tiflis rəssamlıq məktəbinə daxil olmuş və 5 il oxuduqdan sonra 1915-ci ildə təhsilini bitirərək Naxçıvana qayıtmışdır. 1915-ci ildən etibarən rəssamın əsərləri içərisində gips heykəllərindən çəkilmiş «akademik» rəsmlərin olmaması, təsvir edilən mövzu və naturaların əksərən Naxçıvana aid olması da bu nəticənin düzgünlüyünə dəlalət edir» [44].
     B.Kəngərlinin Naxçıvanda əsərlərinin sərgisini təşkil etmiş, rəssmalığa marağı olanları ətrafına toplayıb, onlara bu sənətin sirrini öyrətmişdir. 1917-ci ildəkindən sonrakı əsərləri B.Kəngərlinin sənətkarlıq səviyyəsinin daha da yüksəldiyini nümayiş etdirir [45].
     Naxçıvanda dekorativ tətbiqi sənət sahələri – xalçaçılıq, bədii tikmə və b. sahələrdə də uğurlar özünü göstərirdi.
     Naxçıvan, tarixən Azərbaycan memarlığının inkişaf mərkəzlərindən biri olmuş-dur. Əcəmi Naxçıvaninin fəaliyyəti nəticəsində xüsusi Naxçıvan memarlıq məktəbinin əsası qoyulmuşdur. «Naxçıvan memarlıq məktəbinin əhatə etdiyi ərazidə əsas etibarı ilə kərpic binalar inşa edilirdi. Naxçıvan memarlarının yaratdığı qüllə qu-ruluşlu türbələr nəinki Azərbaycan memarlarının, ümumiyyətlə bütün Yaxın və Orta Şərq memarlığının sonrakı inkişafına böyük təsir göstərmişdir» [46]. XIII-XIV əsrlərdə Naxçıvan memarlıq məktəbi inkişafını davam eidirmişdir. Belə hesab etmək olar ki, Naxçıvan XV əsrdən etibarən əsas memarlıq mərkəzi kimi öz yerini Təbrizə vermişdir [47]. Lakin sonrakı dövrlərdə, xüsusilə XVIII əsrin sonları – XIX əsrin əvvəllərində Naxçıvanda tikinti-memarlıq işlərində zəifləmə olsa da, Naxçıvanda özünəməxsus memarlıq üslubu qalmışdı. Naxçıvan şəhərinin plan quruluşu haqqında 1827-ci il iyunun 30-da çəkilmiş plan məlumat verir. Naxçıvan memarlıq irsinin tədqiqatçısı yazır ki, əgər biz Azərbaycanın digər şəhərlərində iki şəhər quruculuğu qovşağı – ha-kimin qalası və şəhər meydanını görürüksə, o, Naxçıvanda vahid memarlıq kom-pleksi ilə təmsil olunur. Bu mərkəzi meydana Təbrizdən birbaşa yol gəlirdi [48].
     Naxçıvan və Ordubad şəhərində yaşayış tikintiləri məhəllə prinsipi əsasında formalaşırdı. Hər iki şəhərin yaşayış hissəsi ayrı-ayrı məhəllələrin məcmusundan ibarət idi. Məhəllələr özünəməxsus quruluşa malik olurdu. Onun mərkəzində məhəllə məscidi olurdu. Naxçıvanda Xincab, Xoşulu, Əlixan, Pirgəliş, Şahab, Kollubağ, Sarvanlar, Xoylu kimi səkkiz məhəllə var idi [49]. Ordubadda isə XIX əsrin ortalarında Ambaras, Kürdətal, Mingis, Sərşəhər, Üçtərəngi kimi beş məhəllə mövcud idi. Sonra Əngəc məhəlləsi də yaranmışdı [50].
     Naxçıvanda əhalinin əksəriyyəti kəndlərdə yaşadığına görə kənd yaşayış məskənləri və kənd evlərinin xüsusiyyətləri də diqqəti cəlb edir. Naxçıvanda kəndlər əsasən çay sahillərində, suvarma kanallarının, təbii və süni sututarların ətrafında salınmışdı. Kənd məksənləri nizamsız yerləşmiş, yüksək divarlarla əhatə olunmuş fərdi yaşayış və təsərrüfat tikintilərinin həyət və bağların məcmusundan ibarət idi [51].
     XIX-XX əsrin əvvəllərində Naxçıvanın iqtisadi həyatında baş verən yeni meyllər, kapitalist təsərrüfat sisteminin təşəkkülü memarlığa da təsir göstərir, yeni tipli ictimai binalar və yaşayış evləri tikilirdi.
     XIX əsrin əvvəllərində inşa edilmiş Cənnəb və Kələki körpüləri də memarlıq abidələri kimi diqqəti cəlb edir.

     Ədəbiyyat:

     1. Əhmədov H. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı, 2001, s.81; yenə onun. XIX əsr Azərbaycan məktəbi. Bakı, 1985, s.9.
     2. Əhmədov H. Azərbaycan məktəbi, s.10-13.
     3. yenə orada, s.13.
     4. yenə orada, s.15.
     5. Зелинский С.П. Три магала: Нахичеванский, Ордубадский и Дарала-гезский: Географически-статистическое и сельскохозяйственное описание // Сборник сведений о Кавказе. т. ВЫЫ. Тифлис, 1880, с.253.
     6. Фараджев А.С. Ордубад. Историко-экономический очерк. Баку, 1970, с.93.
     7. Ваидова Х. История города Ордубад в ХЫХ- начале ХХ в. Баку, 2007, с.138-139.
     8. Əhmədov H. Azərbaycan məktəbi, s.74.
     9. yenə onun, Azərbaycan məktəb və pedaqoji fikir tarixi, s.128.
     10. yenə onun, Azərbaycan məktəbi, s.206.
     11. Обзор Эриванской губернии за 1892 г., с.9.
     12. Əhmədov H. XIX əsr Azərbaycan məktəbi, s.286.
     13. yenə orada, s.287.
     14. Məmmədquluzadə C. Əsərləri 6 cilddə. VI c. Bakı, 1985, s.189.
     15. yenə orada, s.216.
     16. yenə orada, s.214-215.
     17. Azərbaycan Respublikası Dövlət Arxivi, f.379, siyahı 3, iş 5901, v.24
     18. Кулиева В. Роль и позиция мусульманского духовенства в социально-политической и культурной жизни Азербайджана в конце ХЫХ – начале ХХ вв. в ракурсе армяно-азербайджанских политических отношений. Баку, 2003, с. 61-86.
     19. Əhmədov H. XIX əsr Azərbaycan məktəbi, s.287-288.
     20. Bax: Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki (orta əsrlər dövrü). Bakı, 1977, s.140-149; Həbibbəyli İ. Naxçıvanda elm və mədəniyyət // Azərbaycan tarixində Naçıvan. Bakı, 1976, s.73-91.
     21. Bu sahədə AMEA-nın akademiki İ. Həbibbyəlinin rolu ayrıca qeyd edilməlidir: Həbibbəyli İ. Cəlil Məmmədquluzadə (albom – monoqrafiya). Bakı, 1987; yenə onun, Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, 1997 və b.; həmçinin bax: Qədimov Ə. XIX əsr Ordubad ədəbi mühiti, Bakı, 2003; Saraclı (Həsənova) M. Naxçıvan ədəbi mühitindən… Bakı, 2007; Cəfərov N. Naxçıvan ədəbi mühitinə tarixi bir baxış // Naxçıvan MR – 75. Elmi əsərlər. Xüsusi buraxılış, 1999, s.17-19.
     22. Azərbaycanın aşıq və qadınları. Tərtib edəni Ə.Cəfərzadə. Bakı, 1991, s.69.
     23. yenə orada, s.70.
     24. Poetik məclislər. Toplayanı və tərtib edəni Nəsrəddin Qarayev. Bakı, 1987, s.50.
     25. Ordubadi F. Ağlar qələm əlimdə. Tərtib, müqəddimə və lüğət Ə.Qədimovundur. Bakı, 1989.
     26. Poetik məclislər, s.53.
     27. Cəfərov N. Naxçıvan ədəbi mühitinə tarixi bir baxış, s.17.
     28. M.T.Sidqinin həyat və fəaliyyəti haqqında bax: Qədimov Ə. Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı. Bakı, 1997; Gyvazov Ə. Mamed Taqi Sidqi. Baku, 1986.
     29. M.T.Sidqinin aşağıdakı əsərləri çap olunmuşdur: Sidqi M.T. Seçilmiş pedaqoji əsərləri. Bakı, 1967; yenə onun, Məktəb hekayələri (toplayıb, tərtib edəni və ön sözün müəllifi İ.Həbibbəyli). Bakı, 1996; Məhəmməd Tağı Sidqi. Əsərləri. Tərtib edəni İ.Həbibbəyli. Bakı, 2004.
     30. Poetik məclislər, s.56.
     31. Cəfərov N. Naxçıvan ədəbi mühitinə tarixi bir baxış, s.17
     32. Həbibbəyli İ. Cəlil Məmmədquluadə: Mühiti və müasirləri. Bakı, 1997.
     33. Cəfərov N. Naxçıvan ədəbi mühitinə tarixi bir baxış, s.18.
     34. Allahverdiyev M. Azərbaycan xalq teatrı tarixi. Bakı, 1978, s.221.
     35. Cəfərov C. Teatr tariximizin güzgüsü // Azərbaycan teatrının salnaməsi. Bakı, 1975, s.3
     36. Azərbaycan teatr tarixi yaxşı tədqiq edilmiş problemlərdəndir. Bu sahədə nəşr edilmiş bəzi əsərləri qeyd edək: Azərbaycan teatrının salnaməsi. Toplayanı, tərtib edəni və izahların müəllifi Q.Məmmədli. Bakı, 1975; Rəhimli İ. Azərbaycan teatr tarixi. Bakı, 2005; Алиева А. Азербайджанский театр за 100 лет. Баку, 1974; Qəhrəmanov Ə. Naxçıvan teatrı: İntibah yollarında (1883-1920). Bakı, 2008, və b.
     37. Qəhrəmanov Ə. Göst.əsəri, s.38-39.
     38. Rəhimli İ. Göst.əsəri, s.432-433.
     39. Qəhrəmanov Ə. Göst.əsəri, s.46, 47, 71.
     40. yenə orada, s.66.
     41. yenə orada, s.100. K.Kərimov bu tarixi 1915-ci il kimi qeyd edir. Kərimov K. Bəhruz Kəngərli. Bakı, 1962, s.23.
     42. Daha ətraflı bax: yenə orada, s.76-110.
     43. İqtibas göstərilmişdir. yenə orda, s.41
     44. Kərimov K. Göst.əsəri, s.54-55.
     45. yenə orada, s.13.
     46. Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki (orta əsrlər dövrü). Bakı, 1977, s.153-154.
     47. yenə orada, s.156.
     48. Салаева Р. Нахчыван: наследие архитектуры. Баку, 2002, с.20.
     49. там же, с.23.
     50. Ваидова Х. указ.соч., с.155-156.
     51. Насирли М.Н. Сельские поселения и крестьянские жилища Нахичеван-ской АССР. Баку, 1959, с.46-47

     Abstract

     This paper discusses the history development of culture in Nakhchivan in XIX-XX centuries is considered. This period of history of Nakhchivan it was remembered as from the brightest, since famous persons of Nakhchivan as J.Mammadguluzade, H.Javid and others have played an important role in development of Azerbaijan culture.

     Аннотация

     В статье рассматривается история развития культуры в Нахчыване в ХIX-XX столетиях. Именно этот период в истории Нахчывана запомнилась как из самых ярких, т.к. выдающийся личности Нахычевана как Дж.Мамедкулузаде, Г.Джавид и другие сыграли немаловажную роль в развитии азербайджанской культуры.




Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az