Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!www.lit.azLit.az

A.Rüstəmov

Bədii metodların elmi tədqiqi

22.04.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © A.Rüstəmov

     Bədii metod aparıcı, yetkin fərdi yaradıcılıq üslubları əsasında, konkret zaman hüdudları daxilində formalaşan və təşəkkül tapan tipoloji ədəbi hadisədir. Seçilmiş müəyyən forma biçimində məzmun və mənanın daşıyıcısına çevrilir, ədəbi qəliblərlə mahiyyət arasında vəhdət yaradır, bütün zamanlar üçün aktuallıq kəsb edən həyatın, gerçəkliyin dərkini obrazlar vasitəsilə dinamikləşdirir. Metodlar, eyni dövrdə yaşamış görkəmli söz sənətkarlarının fərqli və oxşar xüsusiyyətlərini, fərdi yaradıcılıq üslublarının inkişaf istiqamətlərini, yazıçının bədii-estetik zövqünü, dünyagörüşünü şərtləndirən meylləri, bütövlükdə müxtəlif ədəbi mərhələləri və prosesləri obyektiv dəyərləndirmək meyarıdır. Ədəbi təcrübə göstərir ki, sənətkar yaradıcılığına metod müstəvisindən yanaşma, ideyalar və obrazlar aləmini mövqe və amalın ifadə vasitəsi kimi bu prizmadan dəyərləndirmə elmi-müqayisəli təhlil üçün geniş üfüqlər açır və ən doğru qənaətlərlə sonuclanır. Bu baxımdan filologiya elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevin "Azərbaycan dramaturgiyasında metodlar" (Bakı, "Elm" nəşriyyatı, 2002) monoqrafiyası tədqiq obyektinə çevrilmiş problemin mürəkkəbliyi, əhatəliliyi, təhlilə cəlb edilən qaynaqların zənginliyi və çağdaş ədəbiyyatşünaslıq elmimizə gətirdiyi yenilik nöqteyi-nəzərindən diqqət çəkir. Dəyərli tədqiqat işi olan bu elmi əsərdə Azərbaycan ədəbiyyatının qüdrətli söz ustaları, dramaturgiyamızın görkəmli nümayəndələri, müvafiq olaraq 100 və 120 illik yubileylərini ədəbi ictimaiyyətin təntənəli qeyd etməyə hazırlaşdığı Cəfər Cabbarlı və Hüseyn Cavidin dramaturgiyası tam və bütöv miqyasda elmi-nəzəri və metodoloji yönümdən təhlilə çəkilmişdir. Öncə onu qeyd etmək lazımdır ki, müəllif monumental, irihəcmli "Azərbaycan dramaturgiyasında metodlar" monoqrafiyasına başlamazdan əvvəl uzun müddət araşdırmalar aparmış, elmi qənaətlərinin nəticəsi kimi "Rus dramaturgiyası və Azərbaycan teatrı" (1979), "Qüdrətli dramaturq" (1984), "Hüseyn Cavidin ideyalar aləmi" (1985), "C.Cabbarlı və romantik dramlar" (1999) və s. sanballı əsərlərini yazıb çap etdirmiş, dramaturgiyamızda metod problemi ilə ardıcıl və sistemli məşğul olmuşdur.
     XX əsr Azərbaycan dramaturgiyasının fenomenləri, tamaşaları ilə sənət məbədlərimizin pərdələrini enməyə qoymayan Hüseyn Cavidin və Cəfər Cabbarlının pyesləri haqqında indiyədək çox əsərlər yazılıb. Lakin iki müxtəlif dünyagörüşlü ədəbi məktəbin, bədii cərəyanın görkəmli nümayəndəsi olan bu iki mütəfəkkirin dram əsərləri ilk dəfədir ki, eyni prinsiplər sistemi məcrasında saf-çürük edilir, dəyərləndirilir, ictimai-siyasi mühit, konkret tarixi şərait nəzərə alınmaqla müstəqil seçimlər edilir, əsaslandırılmış ümumiləşdirmələr aparılır. Professor Timuçin Əfəndiyev mahiyyət, yaradıcılıq fəaliyyətinin forması olmaq etibarilə ədəbi metodları tədqiqat predmeti kimi XX əsrin 30 illik (1906-1936) zaman kəsiyində, tarixi hüdudlar daxilində tipoloji hadisələri, obraz sərbəstliyini, fərdi düşüncələri, estetik prinsipləri və ədəbi qanunları qiymətləndirmə müstəvisi kontekstində nəzərdən keçirmişdir. Tədqiqata "Əsrin ədəbi üfüqləri"ndən başlayan müəllif haqlı olaraq ötən yüzilliyin ədəbi, ictimai-siyasi olaylarına diqqət yetirmiş, bu dövrün ədəbi məktəblərindən, cərəyanlarından, ədəbi tənqidindən, ədəbiyyatşünaslığın mərhələ və konsepsiyalarından söhbət açmış, fundamental tədqiqatlar müəllifi Mir Cəlalın, Məmməd Cəfərin, Kamal Talıbzadənin, Yaşar Qarayevin, Əziz Mirəhmədovun, Xeyrulla Məmmədovun, Nizaməddin Şəmsizadənin, Kamran Əliyevin, Şamil Vəliyevin və başqa alimlərin bu istiqamətdəki zəhmətlərini qiymətləndirmişdir. Əsrin ədəbi üfüqlərini "geniş və parlaq" adlandıran müəllif əsrin bir qərinəlik dövrünün metodlar müxtəlifliyini iki görkəmli sənətkarın dramaturgiyası zəminində işıq selinə qərq etmiş, vəhdət və təmas nöqtələrini müəyyənləşdirib seçərək onlara fikrin istinadgahı və sözün söykəyi kimi önəm vermişdir.
     Monoqrafiya bir-birini tamamlayan dörd elmi-nəzəri hissədən ibarətdir. "Romantik dramaturgiyada tarixilik və bədiilik" adlanan birinci hissədə dramaturgiyamızın 150 illik tarixinin ilkin dövrünə ekskurs olunur. Müəllif XX yüzilliyin 10-30-cu illərini haqlı olaraq Azərbaycan dramaturgiyasının təşəkkül dövrü adlandırır və əsrin iki ən böyük sənətkarı - H.Cavidin və C.Cabbarlının yaradıcılığını milli istiqlal işığında dəyərləndirməyə təşəbbüs göstərir. Təbii ki, həm H.Cavid, həm də C.Cabbarlı dram əsərləri yazarkən tarixi mövzulara müraciət etmişlər və onlar tarixi həqiqətlərdən qayə kimi yox, vasitə kimi bəhrələnmişlər. Professor T.Əfəndiyev bu incə məqama diqqət yetirərək xüsusilə "romantik dramaturgiyada tarixilik və bədiilik"dən söz açarkən yazır: "H.Cavid və C.Cabbarlı üçün də tarix əslində XX əsrin - müharibələr, inqilablar, siyasi qalmaqallar əsrinin faciələrini vermək üçün gözəl və sərfəli vasitə idi. Tarixilik daha çox onların tarixə müraciətində, tarixin materialında deyil, müasiri olduqları tarixi romantik-poetik üsullarla nə dərəcədə dəqiq təsvir və təcəssüm etdirmələrində idi". Əsərdə tarixilik və müasirlik, bədii zaman və romantik qəhrəman, mühit və şəxsiyyət kimi ideya-estetik problemlər H.Cavidin və C.Cabbarlının romantik dramlarının konkret materialı əsasında çözülür, təhlilə cəlb olunur.
     Estetik münasibət forması, ideya-bədii keyfiyyət olaraq tarixilik və müasirlikdən yazan müəllif müqayisəli şəkildə vurğulamışdır ki, C.Cabbarlının "Aydın" əsərinin müasirliyində tarixilik, H.Cavidin "Topal Teymur"unun tarixiliyində isə XX yüzilliyin təbəddülatları ilə qeyri-adi dərəcədə səsləşən müasirlik, çağdaşlıq çırpınmaqdadır. Tədqiqatda H.Cavidin "Ana", "Maral", "Şeyx Sənan", "Şeyda", "Uçurum", "Afət", "İblis", "Səyavuş", "Xəyyam", "Topal Teymur", "Peyğəmbər", eləcə də C.Cabbarlının "Aydın", "Oqtay Eloğlu" əsərlərinin baş qəhrəmanları mühit və şəxsiyyət arasındakı ziddiyyətlər kontekstində nəzərdən keçirilmiş, obrazlar aləminin kölgəli tərəfi, alt məna qatı elmi-fəlsəfi düşüncələr nuruna qərq edilmişdir. Əsərin tutum və sanbal etibarilə ən əhatəli bölməsi olan ikinci hissəsində "Hüseyn Cavidin romantizmi", "H.Cavidin yaradıcılığı ədəbi tənqiddə", "İlk romantik faciələr", "İctimai mühit və estetik ideal", "H.Cavidin faciələrində mənəvi-əxlaqi problemlər" və "H.Cavidin romantizmində "yeni zaman" konsepsiyası" kimi elmi-nəzəri yönümdən aktual problemlərin geniş miqyasda işıqlandırılması öz əksini tapmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatında müstəsna xidmətləri olan, lakin sağlığında həqiqi qiymətini almayan, ideoloji "reket"lərin ədalətsiz basqılarına məruz qalan, cismani ömrünü ədəbi taleyinə qurban verən, sözündə və əməlində həqiqətsevərliyi, məğrurluğu ilə elitar etalona çevrilən nadir şəxsiyyətlərdəndir. Dramaturgiyamıza mənzum faciənin yaradıcısı kimi daxil olan bu böyük sənətkarı ilk növbədə ədəbi tənqid birmənalı qarşılamamış, "burjua ideologiyasının tərənnümçüsü" (Ə.Nazim) kimi xarakterizə edilərək əsərləri ədəbi mühakimələrə çəkilmişdi. Uzunmüddətli məhdudiyyətlərə baxmayaraq, Məmməd Cəfər, Cəfər Cəfərov, Məmməd Arif, Əli Sultanlı, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Mehdi Məmmədov, Yaşar Qarayev, Məsud Əlioğlu, Zahid Əkbərov, Kamran Əliyev, Vəli Osmanlı, Əbülfəz İbadoğlu və onlarla digər tanınmış ədəbiyyatşünas - alimlər H.Cavid yaradıcılığına müraciət etmiş, zəngin ədəbi irs əsasında sanballı əsərlər yaratmışlar. H.Cavid sənətindən, onun yaradıcıoıq metodundan poetik aləmindən bəhs edən professor T.Əfəndiyevin yeni tədqiqat işi böyük mütəfəkkir dramaturqun geniş yaradıcılıq üfüqlərinin və hüdudsuz fəlsəfi düşüncələr aləminin real təsdiqi kimi meydana çıxmış və bu sahədəki araşdırma imkanlarının hələ tükənmədiyini vurğulamışdır.
     H.Cavid yaradıcılığından fərqli olaraq müəllif "Cəfər Cabbarlı yaradıcılığında metodlar müxtəlifliyini" ön plana çəkmiş, XX əsrin Azərbaycan ədəbi mühitində qarşılıqlı təsirə və əlaqəyə malik müxtəlif ədəbi cərəyanların bir sənətkarın çoxşaxəli fəaliyyətindəki vəhdətinin, bədii-estetik təzahürünün yaranma səbəblərini, genezisini, inkişaf meyllərini təmkinlə izləmiş, araşdırmışdır. Professor Timuçin Əfəndiyev belə bir qənaətə gəlmişdir ki: "Ədibin (C.Cabbarlının - A.R.) irsinə ötəri, eksklüziv nəzər sübut edir ki, onun bədii təkamülü çox sürətlə, bədii-fəlsəfi cərəyanlar və metodlar üzrə mərhələdən-mərhələyə keçmiş, intensiv olaraq poetik-estetik dəyişikliklərə məruz qalaraq, özəlliklər kəsb etmişdir". Bu özəlliklər sənətkarın yalnız dramaturgiyasında deyil, poeziyasında, nəsrində də özünü büruzə vermişdir. Müəllifin fikrincə, "Onun lirik, romantik və satirik poeziyasında maarifçi realizmin, romantizmin, sentimentalizmin və tənqidi realizmin nümunələrinə rast gəlmək mümkündür". Adları çəkilən ədəbi cərəyanlar bir-birindən tam fərqli, müstəqil, müxtəlif qütblərdə dayansa da, həqiqətən C.Cabbarlı yaradıcılığında bədii-estetik məziyyətləri ilə paralellik yaradır, bəzən təmas qurur, qabarıq əlamətləri ilə özünü büruzə verir. Ədibin yaradıcılığının ilk mərhələsində AMEA-nın müxbir üzvü Yaşar Qarayevin təbirincə desək, "melodramatik ünsürlər" - sentimentalizmin "sindromları" üstünlük təşkil edirdisə, sonrakı dövrlərdə keyfiyyət dəyişikliyi öz yerini romantizmə və realizmə vermişdir. Hətta tənqidçi Kazımoğlu (Seyid Hüseyn - A.R.) "Ədirnə fəthi" faciəsinin timsalında Cəfər Cabbarlı yaradıcılığında naturalizmin əlamətlərini müşahidə etdiyini də vurğulayırdı. C.Cabbarlı yaradıcılığında metod müxtəlifliyinin rişələrini Y.Qarayev ədibin "üç mühitin, üç ictimai epoxanın müasiri və vətəndaşı" olmasında, R.Əliyev isə "ədibi fikrimizin bəşəriyyətin bədii tərəqqisinin zirvəsinə tələsməsində" arayıb-axtarırdı. Müəllif əsl həqiqəti müəyyənləşdirmək üçün elmi-müqayisəli üslubdan faydalanaraq ikinci fikrin "çox düzgün" olduğu qənaətinə gəlmişdir.
     Bizim fikrimizcə, C.Cabbarlının yaradıcılıq metodunun müxtəlifliyini tarixilik və müasirlik kontekstində nəzərdən keçirsək, hər iki görkəmli alimin fikirlərində böyük həqiqət olduğunu müşahidə edərik. Qeyd olunmalıdır ki, tipik obrazlar qalereyasının təkrarsız, əlvan əhval-ruhiyyəsi çələngi, şəxsiyyət və həyat haqqında bədii konsepsiyalar müxtəlifliyi, məfkurəvi-estetik xüsusiyyətlər toplumu, ənənə və novatorluğun qarşılıqlı təsiri və nəhayət, ədəbi-ictimai mühitin və tamaşaçı auditoriyasının qeyri-sabit təlabatı böyük dramaturqu metodlar müxtəlifliyinə çəkən cazibə qüvvələridir. Maraqlıdır ki, metodlar müxtəlifliyini biz ilk dəfə Cəfər Cabbarlı yaradıcılığında vəhdətdə, bir-birinə qarşılıqlı təsirdə, dialektik inkişafda görürük. Professor Timuçin Əfəndiyev zəngin elmi-nəzəri mənbələrin müqayisəli təhlili əsasında çox düzgün olaraq belə bir qənaətə gəlir ki, "... biz C.Cabbarlı yaradıcılığında bədii metodlar və onların fəlsəfi-estetik xüsusiyyətləri arasında "Çin səddi" çəkmək fikrində deyilik. C.Cabbarlı yaradıcılığında sentimentalizm, maarifçi realizmi, romantizmi və hətta tənqidi realizmi əlaqələndirən bir metod olmuşdur". Professor T.Əfəndiyev böyük dramaturqun metodlar müxtəlifliyindən söz açarkən "sosializm realizmə" tarixi reallıq kimi yanaşmış, bu metodu bolşevik diktaturasının ədəbi proses və yaradıcılıq üzərində metodoloji rəhbərliyinin ifadə forması kimi dəyərləndirmiş, xüsusilə "Sevil"də, "Yaşar"da, "Almaz"da mətnaltı mənaların, bu əsərlərdə "sosializm" gerçəkliyinə "güclü bir ironiya"nın mövcudluğunun istiqlal işığında hələ tam tədqiq olunmadığını vurğulamışdır. Bütövlükdə tədqiqat işi C.Cabbarlının sənətinə və şəxsiyyətinə yüksək ehtiramla, zəngin qaynaqlar əsasında qələmə alınmışdır. Professor Timuçin Əfəndiyevin "Azərbaycan dramaturgiyasında metodlar" monoqrafiyası müstəqillik dövründə çağdaş filologiyamızın elmi-nəzəri arsenalına daxil olan sanballı tədqiqat, milli ədəbiyyatşünaslığımız üçün dəyərli elmi töhfədir



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az