Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!www.lit.azLit.az

Firudin Qurbansoy

İrfani rəmzlər: Equus asinus

22.04.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Firudin Qurbansoy

     İnsanın əhliləşdirdiyi, ev heyvanı etdiyi ulaq (Equus asinus) özünəxas cəhətləri ilə şairlərin nəzərindən qaçmayıb. Onun sakit təmkinli görünüşü, əzablara, məşəqqətə dözümü, gücü rəmz üçün imkan vermişdir.
     Ulaq Hind və Misir mifologiyasında bədxahlıq, Yunan-roma inanclarında isə gülüş doğuran səfeh obrazının daşıyıcısıdır. Yunan əsatirinə görə, Midas şah günaha batıb, Apollonun lira alətində çaldığı musiqini daha üstün tutduğu üçün ilahlar onu eşşək qulaqları ilə mükafatlandırıblar. Təlxəklər Avropada papaqlarına uzun ulaq qulaqları keçirib saray əyanlarını güldürürdü. Şekspirin 1595-ci ildə yazdığı "Yay gecəsinin yuxusu" komediyasında sevgidən başını itirən aşiq ulaq başı qazanır.
     Musa peyğəmbərin ulaq üstündə, əlində kitab olan heykəlinə yəhudilərin bir çox məbədində rast gəlinir. Yəhudilər arasında uzunqulağa pərəstiş kultu da olub. Onlara "asinari" deyiblər. Bu barədə ilk dəfə miladdan öncə 200-cü ildə Patarlı Mnasey məlumat verib. Onun hekayətinə görə, yəhudilər bir vaxtlar idumeylərə qarşı vuruşublar. Adora şəhərindən Apollona sitayiş edən bir nəfər yəhudilərin yanına, məbədə gəldi, adı Zabid idi. O, söz verdi ki, əgər yəhudilər bu məbədi tərk edib getsə, Apollonu görəcəklər. Yəhudilər inanıb getdilər. Zabid üç cərgə fonarla birgə hərəkətə gələn bir qurğu düzəltdi. Onu məbədə doğru yönəltdi və inandırdı ki, bu ulduzların köməyilə hərəkət edir. Heç kəsin müqavimətinə rast gəlmədən yəhudi məbədinə girdi və oradan büt kimi səcdə edilən qızıl uzunqulaq başını götürdü, tələsik Adora şəhərinə qayıtdı. Yəhudi məbədində doğurdan da qızıl təbəqədən hazırlanan uzunqulaq bütü vardı. Bu barədə tarixçi Tasit "Tarix" kitabının beşinci fəslinin üçüncü və dördüncü bölmələrində xəbər verir. Misirdən çıxan vaxt yəhudilər susuzluqdan əziyyət çəkirdi. İsti səhrada ölmək qorxusu hər an onları izləyirdi. Vəhşi ulaq-gur sürüsünə rast gələndə xilas olduqlarını başa düşdülər. Onlar anladılar ki, səhrada yaşayan bu heyvanlar suyun yerini bilir. Doğrudan da, yəhudilər su üstünə gətirib çıxaran ulaqlara ehtiram əlaməti olaraq onun qızıl bütünü düzəltdilər. Miladdan öncə on altıncı yüzillikdə baş verən bu hadisə müxtəlif zamanlarda yaşamış tarixçilərin əsərlərində öz əksini tapmışdır. Lukianın "Lukilər" və Apuleyin "Qızıl eşşək" əsərləri yəhudilərin bu inamı ilə sıx bağlıdır. Yuxuyozma kitablarında qeyd edilib ki, yuxuda uzunqulaq görmək narahatçılıq, kədər gətirməkdən xəbər verir. Pis hadisə baş verməməkçün, yuxunu yaxşılığa yozmaqdan ötrü bir qədər səbrli olmaq lazımdır. Asta-asta səadət özü yuxu görən adamı axtarıb tapacaq. Uzunqulaqların musiqi zövqündən bixəbər olması haqqında da inanc var.
     Sahibinin bütün əmrlərinə müntəzir durub kədərli gözləri ilə dünyanı seyr edən, düşdüyü çətin yoldan bir də keçməməyə çalışan, həmişə eyni vaxtda səsini çıxaran bu heyvana müxtəlif dinlərdə münasibət birmənalı olmamışdır. Xristiyan kitablarında onu peyğəmbərlərin sevimli miniyi kimi təsvir etmişlər. "Bibliyada" Zəkəriyyə peyğəmbərin kitabında, doqquzuncu fəsilin doqquzuncu ayəsində buyurulur: "Sevincdən atılıb-düşün, ey Sion oğulları! Fərəhlənin ey Qüds camaatı! Həmin şah sizə tərəf dişi uzunqulaq üzərində oturaraq gəlir. O, sizə doğru yol göstərib xilas edəndir". Xristiyanlıqda uzunqulaqlara xüsusi rəğbətin olması yəhudi peyğəmbərlərinin mindiyi, onunla uzaq səfərlərə çıxdığına görədir. İsa Əleyhissəlamın da uzunqulaq üzərində camaatın qarşısına çıxdığı məlumdur. Bu barədə Matfeyin incilində, 21-ci fəsil, ikinci ayədə buyurulur: "Onlara dedi: kəndə gedin, qarşınıza bənd olunmuş dişi uzunqulaq çıxacaq, onunla birgə erkək cavan ulaq da bağlanıb. Açıb yanıma gətirin". Daha sonra qeyd edilir: "Sion övladlarına deyin ki, sizin şah uzunqulaq üzərində oturaraq gələcək". İslami ədəbiyyatda isə, bir qayda olaraq uzunqulaq şər qüvvələrlə əlaqəli, səsini kobudluğu ilə zəhlətökən şəkildə təqdim olunmuşdur. Buna misal olaraq örnəklərə müraciət edək. Qurani-Kərimin ayələrində uzunqulağa ilk dəfə Üzeyir peyğəmbərin öldürülüb dirildilməsi ilə bağlı hadisədə rast gəlirik. Axirət günündə insanların yenidən dirilməsinə şübhə edən Üzeyir peyğəmbərlə ulağının canını ölüm mələyi alır. Sonradan peyğəmbərə yenidən can verilsə də, Uzunqulaq dirildilmir.
     Qurani-Kərimin 31-ci "Loğman" surəsinin 19-cu ayəsində buyurulur: "Vəqsəd fi məşyikə vəğzuz min səvtikə innə ənkərəl-əsvati lə-səvtul həmir (Yerişində həddi gözlə, səsini qaldırma, axı səslərin ən xoşagəlməzi uzunqulağın səsidir.) Bu səslə bağlı bir sıra hadisələrdə bəzi sirlər açıqlanmışdır. Əbu Hüreyrədən gəlib çatan səhih hədisdə peyğəmbər (S.Ə.S.) buyurmuşdu: "Uzunqulaq anqırtısı eşitsəniz, şeytandandır, heyvan onu görüb. Allaha sığının. Xoruz banı eşitsəniz, Allahdan fəzilət istəyin, o mələk görüb". Cabirin çatdırdığı peyğəmbər (S.Ə.S.) səhih hədisində isə buyurulub: "Gecə it hürüşü, uzunqulaq anqırtısı eşitsəniz, Allaha sığının, onlar görmədiyinizi görür". Şər qüvvələrlə əlaqəli olduğuna, səsinin bədheybətliyinə görə, şairlər uzunqulaq haqqında yazarkən alçaldıcı sözlərdən istifadə etmişlər. Məqamının yüksəldiyini, tələbatının artdığını ifadə etmək üçün Rudəki bir beytində deyir:

     Əz xər o palik an cayi rəsidəm ki, həmi,
Muzeyi-Çini mixahəmo əsbe-Tazi.

     (Uzunqulaq və çarıqlardan indi o yerə gəlib çatmışam ki, Çin çəkmələri və ərəb atı istəyirəm.) Uzunqulağa minərlər ata çatınca - el misalı da bu məqamda deyilib. İnsan arzuları ilə reallıqdan kənara çox çıxmamalıdır, ola biləcəyi istəməlidir - fikrini türk şairi Sabit belə ifadə etmişdi:

     Yox ikən xanədə xəru estər,
Rəxşi əndişə arpalıq istər.

     Evdə əgər uzunqulaq yoxsa, belə, xəyallarda Rəxş adlı şahanə at arpalıq istəyir.
     Ulaq minmiş adamın kim olduğunun fərqinə varmır, ya aqil, arif adam olsun, ya nadan, eyni fədakarlıqla qulluq edir. Üzərində daşıdığından da xəbəri olmur, ona ya kərpic yükləsinlər, ya da dünyanın sirləri ilə dolu olan kitab, ulaq üçün fərq etmir. Təki onun arpa-samanı vaxtında verilsin. Düşüncəsizlik, mütilik, savadsızlıq rəmzi kimi geniş istifadə olunmuşdur. Hacı Seyid Əzim Şirvani oğluna xitablarının birində deyir:

     Ey oğul, bu dəlili-bişəkdir,
Adəmi - bisavad eşşəkdir.

     Uzunqulaq obrazı, bir qayda olaraq, həcvlərdə, yumoristik şerlərdə daha çox işlədilmişdir. Dünyanın sonundan, qiyamət gününün əlamətlərindən daha çox danışan bir vaizi həcv edərkən türk şairi Əhməd Tələt yazmışdı:

     Dəccalı tərif edərkən ki, "bu Dəccal" - deyərək,
Kəndini bir eşəyə tərsinə mindirməlidir.

     Uzunqulağa tərsinə oturtmaq və kimisə eldən qovmaq təhqirlərin ən şiddətlisi sayılır. Bu anlamda Qiyamət gününə az qalmış Dəccal - gələcək deyə inam yaşamaqdadır. Bu yalançı adamın bir adı da Fəriddir. Din kitablarında onun təsvirləri çoxdur və uzunqulaqla gələcəyi öncədən xəbər verilib. Laədri bir beytdə uzunqulağın yeməkdə hədd gözləmədiyi nəzərə çatdırılır:

     Dünya qəmin ələf kimi gəl yemə, işrət et dedim,
Əsla qulaq qabartmadın sofi, eşşəkmi nəsən?

     Sufilər bu dünyanın qəmini çəkməzlər, çünki onlar ruhları ilə məşğuldur. Türkiyə türcəsində eşşək bir "ş" ilə yazılır. Fazil Fərid Kam bir beytdə bu məqamı bildirir:

     Öylə eşşəkdir ki, balasındakı təşdidinin,
Aləti-tımarə bənzər la-yuad dəndanı var.

     Ərəb əlifbası ilə yazarkən hərfi qoşalaşdırmaq üçün üzərinə təşdid işarəsi qoyulur. Bu işarə dişə oxşayır. "Ş" üzərində təşdid qoyanda qoşalaşıb cüt səs kimi ifadə edilir. Şair həcv etdiyi adamın kütlüyünü göstərmək üçün deyir ki, o dərəcədə uzunqulaqdır ki, təşdid işarəsi saysız dişə oxşayır. Beytin mənası bir lətifəyə söykənir. Tələbə ustaddan soruşur ki, "eşşək" sözünü bir, yoxsa iki "ş" ilə yazmaq lazımdır? Ustad cavab verir: "Eh, a bala, elə eşşəklər var ki, dörd "ş" ilə də yazılsa azdır".
     Bütün ağrılara cəfakeşliklə dözmək, reaksiya göstərməmək, əzab verənə qarşı müti durmaq uzunqulaq haqqında rəmzlərin işlədilməsinə səbəb olmuşdu. İrfani ədəbiyyatda: həm şerdə, həm də nəsrdə uzunqulaq obrazından bixəbər, vecsiz, öz ehtiraslarına qul olan insan tiplərini göstərməkdən ötrü istifadə edilmişdir. "Eşşək", "Ulaq", "Uzunqulaq", "həmir", "xər", "gur" sözləri ədəbiyyatda geniş işlənmişdir. "Gur" sözü "çöl ulağı" deməkdir, ən çox Bəhramın adı ilə bağlıdır. Fars dilində ilk şerin müəllifi olan bu Sasani şahının anası türk xanımı idi. Bəlkə də, buna görə, ona "türkezad" və ya "Bəhram Gur" deyib haqqında həqarətli əfsanə uydurmuşdular. Onun ölümü də guya Gura görə baş verib. Və sonralar "Gur" sözü həm də türkcə qəbir mənası ilə birgə Bəhrama aid şerlərdə cinas kimi işlədilmişdir.
     Ulaq divan ədəbiyyatında rəmz halında qəbul olunan bir obrazdır, İrfan əhli insanları daha da kamil görmək üçün cildi dəyişməyə, ruhu böyütməyə çağırıb, uzunqulağa çevrilməklə dünya həyatını qazananda mənəvi dünyanı əldən vermək qorxusu var - deyə insanları həmişə oyaq qalmağa səsləyirlər.



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az